Azərbaycan SQ-də yaşlı, lakin çevik "Steçkin" tapançaları - ARAŞDIRMA (EKSPERT)

Azərbaycan SQ-də yaşlı, lakin çevik "Steçkin" tapançaları - ARAŞDIRMA (EKSPERT)

Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil olan güc strukturları tərəfindən məhdud sayda istifadə olunan silah nümunələrindən biri də Steçkin tapançalarıdır. Bu silah onu icad edən İqor Yakovleviç Steçkinin şərəfinə belə adlandırılıb. Təyinatı

Silahlı Qüvvələrin zabit heyətini və hüquq mühafizə orqanlarının əməkdaşlarını şəxsi silahlarla təmin etmək məqsədilə hazırlanan Steçkin avtomatik pistoletlərinin əsas təyinatı, yaxın döyüşdə daha uzaq məsafəyə müxtəlif rejimlərdə atəş açmaqla şəxsi heyətin müdafiəsini gücləndirməkdən ibarətdir.


50-60-cı illərdə mövcud olan SSRİ hərbi doktrinasına əsasən, hərbi hissələrin şəxsi heyətinin birbaşa vəzifələrini yerinə yetirməkdən yayındıra biləcək ağır və kiçik həcmli silahlarla təchiz olunmasına icazə verilmirdi. Nəticə etibarilə, APS tapançaları zərurət yarandıqda avtomat silah kimi istifadə üçün uyğun olmalı idi.

Beləliklə, 1948-ci ildə Tula Mexanika İnstitutunu bitirdikdən sonra mühəndis Steçkin köhnə PPS-43 və PPŞ-41 silahlarını əvəz etmək üçün yeni avtomatik silah konsepsiyasının yaradılması ilə məşğul oldu. Yeni silahın hazırlanmasında Voevodin və Kalaşnikov kimi məşhur silah konstruktorlarının da daxil olduğu bir neçə qrup iştirak edirdi.

Xəzinənin artan say və həcmi, avtomatik atəş rejimindən səmərəli istifadə etməyə imkan verirdi. Beləliklə, yeni Steçkin tapançasının məqsədi məhdud ixtisaslı səxsi heyətə kiçik və ikinci dərəcəli hərəkətlərə yayınmadan, vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə imkan verməkdən ibarət idi.

Müəllifi


APS-in müəllifi İqor Yakovleviç Steçkin (1922-2001) silah istehsalçlısı kimi fitri istedada sahib olub. 14 yaşında gələcək dizaynerin əlinə təsadüfən sınıq bir "Naqan" keçir. Yeniyetmə nəinki onu təmir edir, hətta silahı müasirləşdirə də bilir.


Böyüyəndən sonra isə Steçkin "Faqot" və "Konkurs" tank əleyhinə idarəolunan raketlərin, "Modern" və "Abakan" avtomat silahların, "Kobalt" və "Qnom" revolverlərinin, APS, PM, "Drotik", "Berdış" və "Pernaç" tapançalarının hazırlanmasında iştirak etdi. Steçkin tərəfindən hazırlanan müxtəlif modellər arasında atəş zamanı səs-küy, tüstü və alov çıxarmayan xüsusi patrona malik, adi siqaret qutusu şəklində olan bir tapança da mövcuddur. Ümumilikdə Steçkin 60-dan çox layihənin və 50-dən çox ixtiranın müəllifidir. Onun yaratdığı silahların üçdə biri hələ də bir çox ölkələrin silahlanmasında mövcuddur.

Onların ən məşhuru isə bu gün barəsində Sizə məlumat veriləcək APS adalanan "Steçkin" avtomatik tapançalarıdır.

Sınaqları və silahlanmaya qəbulu


Bu silahın inkişafı və hazırlanması, 1948-ci ildən bəri 14-cü Mərkəzi Dizayn Bürosunda çalışan gənc mühəndis Steçkin tərəfindən aparılırdı. Tapançanın ilk prototipi bir il sonra, 1949-cu ildə təqdim edildi. Layihə təsdiqləndikdən sonra, zavod sınaqları, bir sıra dəyişikliklər, irəliləyişlər və qoşun sınaqları keçirildi.

Yeni prototiplərin səhra sınaqları 1949-cu ilin ilk 6 ayı ərzində keçirildi. Sınaqlar zamanı bəzi çatışmazlıqlar aşkar edildi: nişangah zəif tənzimlənirdi, qundaq ilə təxminən 2 kq-lıq yüksək kütləyə malik idi, nişangah qısa radiusa malik idi və s.

Çatışmazlıqların aradan qaldırılması prosesində, Steçkin tapançanın görünüşünə də diqqət yetirdi. Görünüş əsasən PM tapançasına əsaslanırdı, buna görə yeni silah daha çox böyük ölçülü PM-ə oxşayır. Silah bir qədər yüngülləşdirildi, tətiyin özü və forması dəyişdi, daha sadə oldu.

İki il sonra isə Sovet Ordusu tərəfindən məqbul nəticələrlə sınaqlar keçirildi və avtomatik rejimdə atəş açmaq qabiliyyətinə malik tapança "APS - Steçkin" avtomatik tapançası təyinatı ilə həmin ildə, yəni 1951-ci ildə silahlanmaya qəbul edildi. Bu tapançanın yaradılmasındakı xidmətlərinə görə I.Steçkin Stalin mükafatına layiq görüldü.


Silah həm tək-tək, həm də növbə ilə avtomatik atəş aça bilir. APS tapançası, nizamnaməyə görə, AK tüfəngi və ya SKS karbini ilə təchizatı nəzərdə tutulmayan zabitlərin, çavuşların, müəyyən ixtisasa malik əsgərlərin və döyüş maşınlarının ekipajlarının silahlandırılması üçün nəzərdə tutulurdu. Üstəlik, mühəndis- konstruktorlar düşmənlə birbaşa qarşdurma vəziyyətində PM tapançasının şəxsi heyətin özünü müdafiə etməsi üçün kifayət etməyəcəyinə inanırdı.

Konstruksiyası və fəaliyyət prinsipi

Steçkinin hazırladığı yeni tapança 180-220 metrədək yüksək dəqiqliklə atəş aça bilməli və koburasının bağlanan qundaq ilə əvəz edilməsi qabiliyyətini təmin etməli idi.


Avtomat tapança sərbəst çaxmağın geri təpməsindən istifadə sxeminə əsasən çalışır. Silah yalnız saxlama və daha uzaq məsafəyə dəqiq atəş üçün deyil, həm də avtomatik atəş zamanı güllə səpələnməsini azaltmaq üçün zəruri olan taxta və ya plastik kobura-qundaq ilə təchiz edilir. Avtomatik rejimdə güllənin daha sıx hədəfə rast gəlməsi üçün silahı iki əllə tutub yalnız qısa növbəli atəş açmaq lazımdır. Bu cür tədbirlər, üçüncü atəşdan sonra silahların əhəmiyyətli dərəcədə yuxarı çəkilməsi səbəbindən zəruridir. Silahdan bir əl ilə avtomatik rejimdə atəş açarkən, əlverişli səpələnmə yalnız beş metrə qədər məsafədə mümkündür.

Dəstəyin daxilində atəş tempini yavaşladan mexanizm mövcuddur, bu isə öz-özlüyündə avtomatik atəşə hazırlıq funksiyasını da yerinə yetirir. Nəticədə atəş tempi dəqiqədə 700-750 dəfə təşkil edir ki, bu da atəş zamanı silahın dayanıqlığını artırır.

APS tapançalar üçün olduqca nadir olan bir metoddan - cüt cərgəli patron çıxışı olan bir xəzinədən istifadə edir. Patronlar isə xəzinədə şahmat şəkilində, iki cərgədə yerləşir. Belə bir sistem bütün elementlərinin düzgün birləşməsini və dizaynını, məsələn, mərmi yuvasının maillik bucağının, xəzinənin formasını, eləcə də onların çox dəqiq hazırlanmasını tələb edir. Eyni zamanda, 9×18 patronun özü də bəzi maneələr yaradırdı.



Steçkin patron təchizatı ilə əlaqəli hissələrin dizaynı, fasiləsiz və rahat işləməsi üçün çox səy göstərdi. Lakin nəticədə, həddindən artıq ekstremal istismar şəraitində ciddi etibarlılığa nail oldu. Hazırda qısa lüləli silahların ən böyük Avropa və ABŞ istehsalçıları daha etibarlı təkçıxışlı xəzinələrdən istifadə edirlər, lakin bunların həm doldurulması narahatdır, həm də istehsalı daha çətindir.

Örtük rolunu oynayan çaxmağın korpusunda yerləşən bayraq tipli qoruyucu eyni zamanda atəş rejimlərinin dəyişdiricisidir. Qoruyucu bağlandıqda, tətik avtomatik olaraq döyüş vəziyyətindən çıxır. Çərçivənin sol tərəfində çaxmağın ləngitmə qolu yerləşir. Xəzinənin fiksasiya qarmağı isə dəstəyin alt hissəsindədir. Sektor nişangahı 25, 50, 100 və 200 metr məsafələr üçün nəzərdə tutulsa da, effektiv atəş əsasən 50 metrdən çox olmayan məsafədə aparılır. İlkin sürət 340 m/saniyədir. 20 ədəd tutumlu xəzinə sayəsində silah yüksək atəş gücünə malikdir. Erkən buraxılışların APS tapançaları xrom olmayan lülələr, ləngitmə qolunun bir az fərqli konfiqurasiyası və kobura-qundağın bağlahılması üçün yivlərin forması ilə fərqlənirdi. Sonralar tapançaların lüləsi xromla örtülməyə başladı.

İkili hərəkət funksiyalı atəş-zərbə mexanizmi, lülə kanalında patron ilə tapançanın təhlükəsiz daşınmasını təmin edir. Tətik isə təsadüfi atəş ehtimalını istisna edən qoruyucu vəziyyətində olmalıdır. Atəş dərhal özünü dioldurma ilə baş tuta bilir. Silah yüksək etibarlılığa malikdir, bu sərt istismar, sonradan isə döyüş şəraitində sübut edilib.


Silah aşağı ballistik keyfiyyətlərə sahib patrondan istifadəyə və dəstəyin kiçik bucağına baxmayaraq yüksək dəqiqliyə malikdir. Əsas üstünlüklərdən biri silahın atəş açıldıqda kiçik geri təpməyə və cüzi silah sapmasına malik olmasındadır. Yüksək dəqiqlikilə birlikdə bu keyfiyyətlər, yüksək sürətli tək-tək atəş açmağa imkan verir. Bu üstünlük yaxın döyüş üçün xüsusilə vacibdir. Eyni zamanda, patron sərfiyyatına da nəzarət olunur. Dizaynının sadəliyi səbəbindən APS-ə texniki xidmət göstərilməsi də asandır. Bu silah əhəmiyyətli davamlılıq və təhlükəsizlik resurslarına malikdir. Bəzi tapançaların istismar müddəti çaxmaq daxilində çatlar və digər ciddi zədələr olmadan təxminən 40000 patrondan atəş açmağa imkan verir.

Yeni avtomatik tapançanın zavod avadanlıqları dəstinə aşağıdakılar daxildir:

- 1 ədəd dolu xəzinəyə malik tapança;
- çantada əlavə 4 ədəd dolu xəzinə;
- qundaq-kobura.

Tətbiqi


1951-ci ilin sonunda APS adı ilə SSRİ silahlı qüvvələrinin silahlanmasına daxil olan bu tapançalarla hərbi maşınların sürücüləri, artilleriya heyətləri və digər kiçik silahların daşımasına icazə verilməyən hərbi qulluqçular silahlandırıldı. Atəşin məhdud təsir dairəsi, silahın çətin texnik qulluğu, tez bir zamanda zədələnməsi, qənaətbəxş olmayan erqonomikası səbəbi ilə 1958-ci ildə istehsalı dayandırıldı.

Buna baxmayaraq, APS uzun müddət daha güclü və təsirli bir silah kimi Daxili İşlər Nazirliyinin və KQB-nin xüsusi təyinatlı dəstələrində istifadə edildi.

İxracı


APS tapançaları xaricə, əvvəlcə tək nüsxədə, dost ölkələrin liderlərinə hədiyyə olaraq, daha sonra isə geniş miqyasda çatdırıldı. Məsələn, Fidel Kastro və Ernesto Çe Quevaranın şəxsi silahları "Steçkin" tapançaları olub. 1960-70-ci illərdə APS, Afrikadakı lokal münaqişələr zamanı üsyançılar və sovet müttəfiqi olan rejimlər tərəfindən istifadə edilib.

"Steçkin" tapançaları Liviya, Anqola, Mozambikə də çatdırılıb. APS-in digər ölkələrdə istifadəsi tarixindən bir fakt daha maraqlıdır. Almaniyanın "Transarms" şirkəti, bir partiya APS tapançası alaraq avtomatik atəş rejimini aradan qaldıraraq bu silahları yenidən istifadə edib. Daha sonra Almaniyada qüvvədə olan qanunvericiliyə uyğun olaraq lisenziya əldə edən tapançalar, "Heckler and Koch", "Walther", "Sig Sauer" və "Glock" kimi firmaların ən son modellərinin böyük bir seçiminə baxmayaraq, polis idarələrindən birində silahlanmaya qəbul edildi.

Müsbət və mənfi cəhətləri


Əslində 70 il əvvəl hazırlanan bir silahın bu günün tələbləri səviyyəsində müsbət və mənfi cəhətlərini araşdırmaq obyektivlik baxımından asan olduğu qədər də mürəkkəbdir. Onu, həmin dövrün tələbləri səviyyəsində baxsaq, bəlkə də ideal silah kimi, bu günün tələbi səviyyəsində isə "əldən düşmüş" və yararsız silah kimi dəyərləndirməliyik. Buna görə də istifadəçilərin və sınaqların nəticələrinə söykənən nəticələrə etibar ediləcək.

Tapançaların qoşunlarda istismarı bir sıra çatışmazlıqları da ortaya çıxardı. Məlum oldu ki, iri kobura-qundaq silahın daşınmasını əlverişsiz edir, silahın ölçüləri böyükdür, avtomatik rejimdə silahı çiyinə söykəmədən atəş açmaq tamamilə təsirsizdir, kiçik maili bucağa malik olan dəstək "instinktiv" atəş üçün uyğun deyil, buna uyğunlaşmaq isə uzun müddət istifadə tələb edir.

Əksər istifadəçi zabitlər bu tapançanın həddindən artıq böyük olduğunu və gündəlik, xüsusən də sülh dövründə daşınma üçün narahatlıq törətdiyini hesab edirlər.

APS-i xidməti silah kimi istifadə edənlərin təəssüratlarına görə bu silahlarda geritəpmə demək olar ki, hiss olunmur, dəqiqlik isə heyrətamizdir. Bəziləri isə çox yumşaq geritəpmənin olduğunu, hədəfi itirmədən atəş açmağın mümkünlüyünü vurğulayır. Silahın dəstəyi böyük olsa da rahatdır. Silahın böyük olması, uyğun çiyin koburası ilə kompensasiya edilir.


Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin on altı illik təcrübəsi olan xüsusi bir bölmənin əməkdaşı isə bu silahın etibarlı, güclü, dəqiq, böyük döyüş sursat dəstinə və avtomatik atəş açmaq qabiliyyətinə malik olduğunu bildirir.

Xüsusi təyinatlı bölmə əməkdaşlarının sevimli seçimi olan "Steçkin" tapançaları indi də tələb olunur. Bəziləri isə yeni tapançaları yoxladıqdan sonra onları əvvəlki APS ilə dəyişdirməyi üstün tuturlar. Bəziləri də silahın axımlı bir formaya malik olduğunu, sürətlə koburadan çıxarıldıqda isə heç bir şeyə ilişmədiyini iddia edir. Nəticə etibarı ilə digər silahlardan istifadə etməyənlər avtomatik, iri tutumlu və çox sayda xəzinəyə malik APS-ləri çox etibarlı və dəqiq silah kimi dəyərləndirirlər.

Silahın tətiyinin, xüsusən də yeni tapançalarda sərt olduğunu isə hər istifadəçi qəbul edir. "Steçkin" tapançaları yüksək sürətli atəş üçün deyil, lakin 50 metrdə dəqiqliyinin mükəmməl olduğu, isti və soyuq havada ağır kütləsi səbəbindən əldən "sürüşməyə" meylli olması da təkzib olunmur. Lakin sonuncu kiçik bir narahatlığı tapança dəstəyinə "Uncle Mike's" şirkətinin xüsusi üzlüyünü və ya velosiped şininin kamerasından kiçik bir hissəni yapışdırmaqla aradan qaldırmaq mümkündür. Şirkətin xüsusi üzlüyü silahın görünüşünü də dəyişir və o, artıq əldə mükəmməl tutulur, sürüşmür.

Atəşin yüksək sıxlığını və daha çox məhvetmə ehtimalını təmin etmək üçün yaxın məsafələrə atəş açıldıqda avtomatik rejimdən istifadə olunur. Avtomatik rejimdə qundaq ilə atəş açıldıqda güllələr daha çox aşağıya doğru meyllənir. Qundaqsız avtomatik rejimdə uzun qatarla atəş açdıqda, rəqibin bel (kəmər) nahiyəsi nişan alınmalıdır. AB yazısı ilə seçilən avtomatik rejimi ən yaxın məsafədə istifadə etməlisiniz, əks halda bu yalnız boş yerə mərmi sərfiyyatı olacaq.


Sonralar APS istehsaldan və rəsmən silahlanmadan çıxarıldı. 1960-cı illərdə "Steçkin" tapançalarının böyük hissəsi anbarlara toplanmağa başlandı. Daha yaxşı atəş dəqiqliyinə, daha az geritəpməyə, daha kiçik sapmaya və PM-dən daha çox gücə malik olan APS-in sonrakı istifadəsi SSRİ-nin DTK-sı tərəfindən həyata keçirildi.

"Steçkin" tapançasının texniki xüsusiyyətləri:


Çapı: 9×18 PM;
Silahın uzunluğu: 225 mm;
Lülənin uzunluğu: 140 mm;
Silah hündürlüyü: 170 mm;
Silah eni: 34 mm;
Boş kütləsi: 1020 q;
Xəzinə tutumu: 20 patron;
Atəş tempi: dəqiqədə 700-750 dəfə.

Modifikasiyaları


APB tipli səssiz avtomatik tapança 1972-ci ildə BKİ-nin düşmən arxasında əməliyyatlar həyata keçirən xüsusi təyinatlı dəstələrinin təchiz edilməsi üçün nəzərdə tutulurdu. Adi APS-dən əsas fərqləri səsboğucu quraşdırılması hesabına lülənin 21 mm daha uzun olmasından, sərt qundaq-koburanın parça kobura ilə əvəz edilməsindən və çıxarıla bilən məftilli çiyin dayağının tətbiqindən ibarət idi.

Lülənin divarları daha incə idi, bu isə sürətli atəş açmağa (iki xəzinədən çox patron ilə fasiləsiz açmaq olmurdu, bəzən lülə tam sıradan çıxırdı) imkan vermirdi.

Əfqanıstan üçün APB versiyası


1979-1989-cu illərdə Əfqanıstandakı müharibə zamanı xüsusi təyinatlılar APS-in lülə sonluğuna quraşdırılan səsboğucuya malik APB (səssiz avtomatik tapança) versiyasından geniş istifadə etdilər. Əfqanıstanda bu silahların mağaralardakı döyüşlər zamanı son dərəcə effektiv olduğu barədə məlumatlar mövcuddur.

6P13 indeksinə malik olan APB, SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sifarişi ilə TNİİTOÇMAŞ tərəfindən yaradıldı. APS tapançasının kiçik bir modernləşdirilməsi variantı ilə eyni olan APB 1972-ci ildə ordunun xüsusi təyinatlıları, kəşfiyyat qrupları, habelə Daxili İşlər Nazirliyinin və SSRİ KQB-sinin xüsusi təyinatlıları tərəfindən silahlanmaya qəbul edildi. Güllənin sürətini səsdən aşağı sürətə qədər endirmək üçün lülənin divarında, yivlərin dibi boyunca uzanan iki qrupda çuxurlar mövcuddur. Dörd çuxurlu birinci qrup patron kamerasından 15 mm, səkkiz çuxurlu ikinci qrup isə lülə kəsiyindən 15 mm məsafədə yerləşir. Atəş açıldıqda barıt qazları bu çuxurlarla lülə ətrafında yerləşən boruya və oradan da səsboğucunun genişləndirmə kamerasına keçir. Boru təmizləmək üçün çıxarıla bilir. Geri dönən yay artan diametrə malikdir.

Səsboğucu lülənin sonuna bərkidilir. Səsboğucunun korpusu ilə nişangah xəttinin üst-üstə düşməməsi üçün, səsboğucu öz mərkəzi oxuna və lülə kanalına nisbətdə eksentrik formada yerləşdirilir. Barıt qazlarının axınını hissələrə bölən və onların sürətini azaldan separatorlar isə səsboğucuların ön hissəsindədir.

APB silahı səsboğucusu ilə daha çox kütləyə malikdir, bu isə silahın ağırlığının mərkəzini irəliyə doğru dəyişdirərək APB-dən avtomatik atəş zamanı daha az səpələnmə ilə daha yüksək atəş effektivliyi əldə etməyə imkan verir. Çiyinə dayanan qundaq isə atəş zamanı silahın kənara sapmalarını da azaldır. Bununla yanaşı, PBS silahı tam səssizləşdirmir, lakin atıcı mövqeyinin müəyyənləşdirilməsini çətinləşdirmək üçün yalnız atəş səsini bir qədər azaldır.

Travmatik və pnevmatik versiyaları

VPO-504 "APS-M" - 10×22 mm-lik patron üçün travmatik tapançadır, APS-lər bazasında Vyatka-Polyanskidəki "Molot" fabrikində hazırlanıb;
MR-355 - 9 mm-lik P.A patronuna malik travmatik silahdır;
"Umarex APS" - 4.5 mm-lik pnevmatik silahdır;
"Gletcher APS" - Hərəkətli çaxmağa malik, eyni kütləli 4.5 mm-lik pnevmatik silahdır;
"Gletcher APS-A" - "Airsoft" oyunlarında istifadə üçün hazırlanan, hərəkətli çaxmağa malik, eyni kütləli 4.5 mm-lik pnevmatik silahdır.

Digər münaqişələrdə tətbiqi


SSRİ dövründə APS tapançaları bir çox hərbi qarşıdurmalarda, əsasən Afrikada geniş istifadə edilib. SSRİ dağılandan sonra silah müxtəlif yerli münaqişələrdə istifadə olunmağa başladı. Hazırda APB versiyalarının qoşun kəşfiyyatı bölmələrinin, FTX, BKİ və DİN-in xüsusi bölmələrinin silahlanmasında mövcud olduğu barədə məlumatlar açıq mənbələrdə mövcuddur.

Rusiya pilotları Çeçenistandakı döyüş tapşırıqlarına özləri ilə AKS-74U ilə birlikdə silahlanmadan rəsmən çıxarılan APS də götürürdülər. APS tədricən Rusiya Daxili İşlər Nazirliyində, az sonra isə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında populyarlaşmağa başladı. Bunu daha çox uzunmüddətli istismar zamanı "Steçkin" tapançalarının təxminən 45000 dəfə atəş açmağa imkan verən resursları ilə əlaqələndirmək olar. Bu müddət ərzində yalnız silahın yayları dəyişdirilirdi.


"Steçkin" tapançasından digər güc strukturlarının çevik reaksiya bölmələri də istifadə edir. Bəziləri bu populyarlığın səbəbini, digər pistolet-pulemyot silahlarla müqayisədə APS-in kiçik ölçüləri və kütləsi ilə uyğunlaşan yüksək döyüş keyfiyyətləri, həm də onun etibarlılığı ilə izah edirlər. Bundan əlavə, APS gülləsi heç vaxt ilk maneəyə rast gəldikdə rikoşet vermir, yəni başqa istiqamətə yönəlmir və düşmənə nüfuz etdikdən sonra onu deşib keçmir, bunlar isə hüquq mühafizə orqanlarında silahdan istifadə zamanı böyük əhəmiyyətə malikdir. Əlbətdə ki, APS-i böyük qundaq-koburada deyil, xüsusi hazırlanan dəri örtüklü koburalarda daşımaq daha rahatdır.

Şəhərdə və digər yaşayış məntəqələrində aparılan hərbi əməliyyatlarda, dar dəhliz və otaqlarda avtomatın istifadəsinin əlverişsiz olduğu şəraitdə APB versiyası əvəzedilməz silah hesab edilə bilər.

Yeri gəlmişkən, 2018-ci ildə Suriyada Türkiyə sərhədlərini pozduğuna görə HHQ-nin türk pilotu tərəfindən məhv edilən "Su-25" hücum təyyarəsinin (RF-95486) həlak olan pilotu, mayor Roman Filipovun üzərindən də APS tipli "Steçkin" tapançasının tapılması barədə "Ordu.az"da məlumat verilib. Bu silahın modernləşdirilən versiyaya aid olması barədə məlumatlar isə mövcud deyil. Pilotlardan başqa, yaxın döyüş üçün əlavə silah kimi snayperlər də yüksək effektivliyinə və kiçik ölçülərinə görə AKS-74U tüfəngindənsə, APB-yə üsyünlük verirdilər.

İstifadəçiləri


APS tapançaları SSRİ-də 1951-ci ildə hərbi nəqliyyat vasitələrinin ekipajları, ağır silah heyətləri (artilleriya, SPQ və pulemyot), habelə birbaşa hərbi əməliyyatlarda iştirak edən taqım-bölük zabitlərinin fərdi özünümüdafiə silahları kimi silahlanmaya qəbul edilib.

Qısaldılan AKS-74U hücum tüfəngi silahlanmaya qəbul edildikdən sonra, yəni 1981-ci ildən etibarən bölmələr APS tapançalarını AKS-74U hücum tüfəngləri ilə fəal şəkildə əvəz etməyə başladılar. 90-cı illərin əvvəllərində bu tapançalar SSRİ silahlı qüvvələrində yalnız qoşun kəşfiyyat bölmələrində, həmçinin SSRİ-nin DTK və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin istifadəsində qaldı. Hazırda Rusiya Federasiyasında FTX, FMX, xüsusi təyinatlılar, prokurorluq və inkassator xidmətinin əməkdaşları şəxsi müdafiə silahı kimi bu tapançalardan istifadə edirlər.

Azərbaycanda bu silahlar Ordumuzun silahlanmasında mövcud deyil, lakin digər güc və hüquq mühafizə orqanlarının əməkdaşlarında mövcudluğuna dair qeyri-rəsmi məlumatlar mövcuddur.

Ermənistanda isə APS Daxili İşlər Nazirliyinin və MTX-nin arsenalında mövcuddur.

APS-dən Belarus, Bolqarıstan, Almaniya ("Transarms" şirkəti tərəfindən alman polisi üçün), Qazaxıstan, Ukrayna və Kuba kimi ölkələrin müxtəlif qurumlarında istifadə olunur.

Nəticə


Azərbaycanın bu tapançaları əldə etməsi və orduda istifadəsi haqqında dəqiq məlumatlar mövcud deyil. Onlar üçün hansısa vəsaitin ödənilməsi də ağlabatan deyil. Böyük ehtimalla bu tapançalar Azərbaycan ərazisində mövcud olan keçmiş SSRİ-nin 4-cü ordusunun silah anbarlarında mövcud olduğu üçün Silahlı Qüvvələrimizin sərəncamına keçib. Əslində ölkəmizdə bir neçə variantda yerli tapançalar istehsal edildiyi üçün bu silahlara ordumuzun ehtiyacı da yoxdur, lakin bu həmin silahların digər güc strukturları tərəfindən istifadə edilməsini istisna etmir. Yaradıldığı 50-ci illər üçün kütləsi istisna olmaqla, normal silah hesab edilən tapançanın bu günün tələblərinə cavab verməsini gözləmək isə reallıqdan uzaq olardı. Məqalədə silahın bütün xüsusiyyətləri və imkanları bacardığımız qədər açıqlanıb. Lakin bu məqalənin yazılmasının əsas məqsədlərindən biri də, bu tapança ilə bərabər onu hazırlayan İ. Steçkinin həyat yolu ilə gənc zabitlərimizi və silah mühəndislərimizi tanış etməkdən ibarətdir.

Gənc institut məzunu İ. Steçkinin düşünə belə bilməzdi ki, onun cəsarətli ideyası ilə yaradılan tapança 20-ci əsrin 50-ci illərinin əvvəllərində SSRİ-nin silahlanmasına qəbul edilərək bəzi dəyişikliklərlə əsrin sonunadək xüsusi ixtisaslı bölmələrin istifadəsində qalacaq.

Bu silahın yaranmasının özü də ibrətamiz bir tarixə malikdir. 14 yaşında tapdığı silahı təmir edərək müasirləşdirən yeniyetmənin mühəndis kimi yetişməsində rol oynayan insitut müəllimlərinin rolu qeyd edilməlidir.

Avtomatik tapança mövzusu, Tula Mexanika İnstitutunda oxuyan gənc Steçkinin diplom işinin mövzusu idi. Yeri gəlmişkən, məzunun məsləhətçisi məşhur PM tapançasının yaradıcısı Nikolay Fedoroviç Makarov olub. Müdafiə zamanı komissiya üzvlərindən biri məzun tərəfindən təqdim olunan 7.62 mm-lik tapançanın eskiz layihəsi ilə tanış olaraq, bu modelin "tamamilə cəfəngiyat" olduğunu və atəş açmaq iqtidarında olmadığını bildirir. Steçkin isə cibindən eyni eskiz əsasında hazırladığı silahı çıxararaq tavana atəş açır. Nəticədə komissiya onun diplomunu əla qiymətləndirir və dünənki tələbəyə eyni silahın 9 mm-lik patron üçün variantının hazırlanmasını tapşırır. Beləcə 50 il aktiv şəkildə bir çox ölkələr tərəfindən, günümüzə qədər isə məhdud sayda istifadə edilən, 70 ilə yaxın isə haqqında danışılan əfsanəvi tapançanın yaradılmasına başlandı...

Steçkini əhatə edən mühit və təhsil sistemi, onu 60-dan çox layihənin və 50-dən çox ixtiranın müəllifinə çevirdi. Dövrün təhsil siisteminin tələblərini görə silah mühəndisi diplom işində şəxsən hazırladığı silah eskiz-layihəsini müdafiə etməli idi. Belə bir sistem ən azından fitri istedadları sonrakı istehsalat prosesində deyil, erkən ali təhsil müəssisəsinin divarları arasında aşkar etməyə imkan verirdi. Dünyanın ən güclü dövlətlərindən birinə çevrilən Çin də on illər əvvəl bu sistemə keçib. Bütün texniki universitet tələbələri plagiat diplom müdafiəsindən azad edilib, lakin onlar mütləq kiçik də olsa texniki yenilik icad etməlidirlər. Yalnız onun patentini universitetə təqdim etdikdən sonra tələbə diplomunu əldə edərək mühəndis adlandırıla bilər. Əks halda onu universitet dinləyicisi kimi arayışla təmin edirlər.

Mənbələr

https://www.armoury-online.ru/articles/pistols/russia/aps/ ŞƏKİLLƏR
https://militaryarms.ru/oruzhie/pistolety/stechkina/
https://warriors.fandom.com/ru/wiki/%D0%90%D0%B2%D1%82%D0%BE%D0%BC%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B9_%D0%BF%D0%B8%D1%81%D1%82%D0%BE%D0%BB%D0%B5%D1%82_%D0%A1%D1%82%D0%B5%D1%87%D0%BA%D0%B8%D0%BD%D0%B0
https://news.rambler.ru/weapon/41224951-pochemu-sovetskie-ofitsery-ne-lyubili-pistolet-stechkina/?updated
http://ohrana.ru/weapon/automatic_pistols/2050/
https://tvzvezda.ru/news/opk/content/201805161755-k0wl.htm
https://rostec.ru/news/4514585/
https://histrf.ru/biblioteka/b/pistoliet-2-korotkaia-istoriia-i-dolghaia-zhizn-aps
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B2%D1%82%D0%BE%D0%BC%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B8%D0%B9_%D0%BF%D0%B8%D1%81%D1%82%D0%BE%D0%BB%D0%B5%D1%82_%D0%A1%D1%82%D0%B5%D1%87%D0%BA%D0%B8%D0%BD%D0%B0

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

 

Mənbə: ordu.az