"Arlan" zirehli təkərli vasitəsi nəyə qadirdir?

"Arlan" zirehli təkərli vasitəsi nəyə qadirdir?

2013-cü ildə Qazaxıstan və Cənubi Afrika Respublikası, "Marauder" zirehli avtomobilinin dəyişdirilmiş versiyası olan "Arlan" zirehli təkərli maşınlarının (ZTM) birgə istehsalına başlamaq üçün razılığa gəldilər.
Bu razılaşmalar həyata keçirildi və Qazaxıstan ordusu ən yeni zirehli texnikalar əldə etdi. Maşın hələ də seriyada qalır, həm də onu inkişaf etdirmək üçün tədbirlər görülür.

Müqavilədən ortaq istehsalata qədər

"Arlan" (qazax dilində "Qurd") zirehli maşınının tarixi ikimininci illərin sonlarına təsadüf edir. 2008-ci ildə Cənubi Afrikanın "Paramount Group" şirkəti beynəlxalq satış üçün hazırlanan"Marauder" zirehli avtomobilini təqdim etdi. Tezliklə bir neçə ölkə ilə hazır avadanlığın tədarükü və ya birgə istehsalının başlanması ilə bağlı danışıqlara başladı.

2010-cu illərin əvvəllərində "Paramount" tərəfindən hazırlanan məhsullar Qazaxıstan ordusunu maraqlandırdı və müvafiq danışıqlara başlandı. Bəzi müştərilər kimi Qazaxıstan hazır avadanlıq almaq fikrində deyildi, lakin yerli istehsala başlamağı planlaşdırırdı. Müvafiq müqavilə 2013-cü ildə ortaya çıxdı. Müqavilə birgə müəssisə yaratmağı və bir neçə ZTM istehsal etməyi nəzərdə tuturdu.


"Sunkar" döyüş modulu ilə Qazaxıstan istehsalı "Arlan"

Müqaviləyə əsasən "Kazakhstan Paramount Engineering" (KPE) şirkəti yaradıldı. 2014-15 -ci ildə Astana yaxınlığında zirehli texnikanın yığılmasını həyata keçirəcək zavod tikildi. ZTM üçün komponentlərin həm yerli müəssisədə hazırlanması, həm də Cənubi Afrikadan alınması planlaşdırılırdı. Əvvəlcə lokalizasiya dərəcəsi cəmi 20% idi, amma tezliklə bu 70% -ə çatdırıldı. Korpusun və digər hissələrin yerli istehsalı quruldu. Sonra döyüş modullarının və elektronikanın yerli dizaynına başlandı.

İlk "Arlan" zirehli avtomobilləri 2017-ci ildə sifarişçiyə təhvil verildi. İstehsal bu günə qədər davam edir və bir neçə onlarla zirehli maşının növbəti partiyasının təhvil verilməsi barədə müntəzəm məlumatlar daxil olur. 2018-19-cu illərdə ordu yüzə yaxın yeni maşın əldə edib. Xarici ölkələr arasında potensial müştərilər axtarılır.

Xarici platforma

"Arlan" ZTM istismar şəraiti və müştərinin istəyi nəzərə alınmaqla kiçik dəyişikliklərə məruz qalan "Marauder" zirehli avtomobildir. Əsas xüsusiyyətlərinə görə hər iki zirehli maşın eynidır. "Arlan" inkişaf edən zirehli mühafizəyə malik MRAP sinifli bir vasitədir. O, şəxsi heyətin daşınmasını təmin edir və müxtəlif növ silahlarla təchiz oluna bilər.


"Arlan" və "Barıs"

"Arlan"ın zirehli korpusu STANAG 4569 standartının 3-cü səviyyəsinə malikdir, 12.7 mm-lik zirehli olmayan güllələrdən və 8 kq TNT-nin təkər və ya maşın altında partlamasından qoruyur. Korpus ekipaj və sərnişinlərin yerləşdirildiyi və mühərrik bölməsinə bölünür. Yaxşı bir görünüşü təmin etmək üçün geniş şüşələrdən istifadə edilir.

Ön şüşədən başqa bütün digərləri şəxsi silahlardan atəş açmaq üçün yuvalarla təchiz olunur. Korpusun alt hissəsi xarakterik "mina əleyhinə" V şəkillidir. Maşında avtomatik transmissiya ilə 285 at gücündə turbodizel mühərriki quraşdırılır.

Avtomobil 4x4 təkər formulasına malikdir. Şassi müstəqil asqıya əsaslanır, istifadə olunan şinlər 16.00 R20 ölçüdədir. Təkərlər deşildikdə belə hərəkət etməyə imkan verir. ABS ilə pnevmatik əyləc sistemi tətbiq edilir.

Qorunan korpusun daxilində 10 nəfər yerləşir. Sürücü və komandir üçün bölmənin ön hissəsində kreslolar və maşına daxil olmaq üçün yan qapılar mövcuddur. Yeddi nəfərlik desant isə maşına arxa qapılardan və ya üst qapaqlardan daxil olur. Maşının hər iki bölməsi yanğınsöndürmə sistemi ilə təchiz edilir.


"Sunkar" uzaqdan idarəetmə modulu

Qazaxıstanın iqlimi bəzi əlavə sistemlərin quraşdırılmasına ehtiyac yaratdı. Soyuq mövsümdə maşını işə salmaq üçün maşını isitmə sistemi ilə, şəxsi heyət bölməsini isə kondisionerlə təchiz etdilər.

"Arlan"ın boş kütləsi 13.5 ton, döyüş kütləsi isə 16 tondur. Zirehli maşın saatda 100 km sürətə və 700 km ehtiyat məsafəyə malikdir. Tam ötürücülü şassi müxtəlif maneələri aşa bilir.

Silah problemləri

"Marauder" maşınının baza layihəsi zirehli avtomobili müxtəlif siniflərə aid silahla, ilk növbədə isə qüllədə və ya uzaqdan idarə olunan modulda yerləşən pulemyotlarla təchiz etmək imkanını təmin edir. "Arlan" da bu imkanları özündə saxlayır. Döyüş modulunun quraşdırılması üçün qüllənin qarşısında yuvarlaq oturacaqdan istifadə olunur.

2016-cı ildən başlayaraq "Arlan" maşınları müxtəlif silah konfiqurasiyaları ilə dəfələrlə nümayiş olunub. Sərgilərdə və təlim meydanlarında maşın bir neçə növ uzaqdan idarə olunan pulemyot ilə təqdim edilib. Onun silah modulunda optik vasitələr və 4 ədəd TƏİR də yerləşir.


Sınaq atəşinə hazırlıq

KPE kompaniyası "Arlan" üçün yeni silah variantlarını inkişaf etdirməkdə davam edir. Bu tip bir neçə nümunənin atəş sınaqları hazırda davam etdirilir. Təlim meydanında müxtəlif silahlara malik müxtəlif növ zirehli maşınlar nümayiş olunur. Xüsusi olaraq "Arlan" üçün müxtəlif çaplı pulemyotlara malik "Sunkar" uzaqdan idarəolunan döyüş modulu yaradılıb.

"Sunkar" məhsulu zirehli daşıyıcının damına quraşdırılan kompakt bir qüllədir. İdarəetmə kabinəyə quraşdırılan küçik paneldən həyata keçirilir. Döyüş modulunda gündüz və gecə kanalına malik optik elektron blok mövcuddur. Silahlanmaya isə iri çaplı NSV və normal çaplı PKT-dir.

Atəşi İdarəetmə Sistemi (AİS) isə "Şuğıla" platformasında qurulub. Bənzər AİS-lə KPE istehsalı olan digər döyüş modulları birlikdə istifadə olunur. Eyni zamanda, "Barıs" zirehli personal daşıyıcısı üçün hazırlanan "Ansar" modulu da sınaqdan keçirilir. Döyüş gəmilərində quraşdırmaq üçün hazırlanan "Turan" modulu da yaradılıb.

"Şuğıla" sistemi silah və qülləyə nəzarət cihazları, avtomatik hədəf izləmə sistemi, ballistik kompüter və s.-dən ibarətdir. Ayrı bir simulyatordan istifadə etmədən operatora təlim keçməyə imkan verən təlim rejimi nəzərdə tutulur.


"Sunkar" uzaqdan idarəetmə modulu

"Sunkar" modulunun üstünlüklərinə kiçik ölçüsünü və yüngül kütləsini, həmçinin fərqli xüsusiyyətlərə malik iki pulemyotun mövcudluğunu aid etmək mümkündür.
Modul 88 °-ə qədər yüksəlmə bucağı altında atəş aça bilir. Qüllənin fırlanma sürəti saniyədə 110 dərəcədir. Buna görə də "Sunkar" həm yerüstü, həm də hava hədəflərinə hücum edə bilir. Hədəfə qədər məsafə və atəş effektivliyi NSV və PKT silahlarının xüsusiyyətləri ilə müəyyən edilir.

"Sunkar" hələ sınaq mərhələsindədir və silahlanmaya qəbul edilməyib. Lakin istehsalçı şirkət nikbindir və Qazaxıstan ordusunun bu məhsula maraq göstərəcəyinə ümid edir. Yeni modulun mövcud məhsullara nisbətən daha üstün olacağı və onun tətbiqinin "Arlan"ın döyüş imkanlarını genişləndirəcəyi gözlənilir.

Yeni döyüş modulunun beynəlxalq bazara çıxarılması planlaşdırılır. "Şuğıla" platformasında digər perspektivli məhsullar da yaratmaq mümkündür.

Qlobal səviyyədə

Cənubi Afrika Respublikasının müəssisələri MRAP sinifli zirehli maşınlar sahəsində dünya liderləri siyahısına daxildir. Buna görə, "Marauder" zirehli avtomobili Cənubi Afrika mühəndislərinin bu sahədəki növbəti uğuru sayıla bilər. Bütün bunlar bir sıra böyük sifarişlərin, eləcə də avadanlıqların birgə istehsalı üçün müqavilələrin mövcudluğu ilə təsdiqlənir.


Bir vaxtlar Azərbaycan, İordaniya və Sinqapur "Marauder" üçün öz istehsal xətlərini açdı. Lazımi imkanları olmayan daha bir neçə ölkə hazır avadanlıq almaq üçün seçim etdi. 2013-cü ildə Qazaxıstan da öz və idxal olunan komponentlərdən avadanlıq yığmağı mənimsəmək istəyən ölkələrə qoşuldu. Bu günə qədər Qazaxıstan ordusu müxtəlif təchizata və silahlanmaya malik yüzə yaxın "Arlan" zirehli maşını əldə edib.

Buna paralel olaraq Cənubi Afrikanın və ortaq istehsalın digər zirehli maşınlarının tədarükü davam edir. Bu proseslər Silahlı Qüvvələrin inkişafına və müdafiə qabiliyyətlərinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Zirehli texnikanın inkişafında öz səriştəsi və təcrübəsi olmayan Qazaxıstan bu sahədə dünya liderlərindən birinə müraciət etdi. Bunun sayəsində bir neçə il ərzində yeni bir müəssisə qurmaq və yenidən silahlanmaya başlamaq, eyni zamanda öz dizaynlarının inkişafına başlamaq mümkün oldu. Bunun müsbət təsirləri isə göz qabağındadır.

Yazı Ryabov Kirilin məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Mənbə: ordu.az