3 GÜNDÜR İNTERNET BLOKADASINDA QALAN BELARUS- Ölkənin internetini kim kəsir?

3 GÜNDÜR İNTERNET BLOKADASINDA QALAN BELARUS- Ölkənin internetini kim kəsir?

Belarusda internetə giriş demək olar ki tam məhdudlaşdırılıb. Əsas sosial şəbəkələr, axtarış sistemləri, messencerlər, hətta bəzi dövlət saytları da işləmir. Şəbəkədəki əsas məlumat mənbəyi kimi sadəcə “Telegram” messenceri qalıb.

“Telegram”ın yaradıcısı Pavel Durov bəyan edib ki, Belarus üçün xüsusi hazırlanmış tədbirlər həyata keçirirlər: “Anti-senzura alətlərimizi işə salmışıq və “Telegram” əksər istifadəçilər üçün əlçatandır. Bununla belə, rabitə hələ də qeyri-sabitdir, çünki bəzən ölkədə internet tamamən kəsilir”.

Məhdudiyyətlər avqustun 9-da – prezident seçkiləri günü başlayıb və üç gündür davam edir. Rəsmi versiyaya görə, bu, xaricdən edilən kiberhücumlarla əlaqədardır.

“Əhali arasında narazılıq yaratmaq üçün xaricdən interneti söndürürlər. İndi mütəxəssislərimiz bu bloklanmanın haradan gəldiyini araşdırırlar. İnternet yaxşı işləmirsə, bu bizim təşəbbüsümüz deyil, xaricdəndir”, – deyə dövlət başçısı Aleksandr Lukaşenko məsuliyyəti üzərindən atıb.

Lukaşenkonun bu fikrini internet provayderi “Beltelecom” da təsdiqləyib. Şirkət avqustun 10-da internetin bərpa olunacağını vəd etsə də, bu vədini yerinə yetirməyib.

Qeyri-hökumət təşkilatı “NetBlocks” isə əksinə, məhdudiyyətlərə görə hökuməti günahlandırır. Mütəxəssislər tərəfindən yayımlanan videoda internetin parlaq ləkələrinin Belarus xəritəsindən necə uzaqlaşdığı açıq şəkildə görünür.

2001-ci ildə prezident seçkiləri zamanı da Belarusda beynəlxalq domenlərə sahib müstəqil saytlar bloklanmışdı. Lakin saytlar vasitəçi serverlər vasitəsi ilə açıla bilirdi. Həmin vaxt Minskin mərkəzində bir neçə saatlıq mobil rabitə də kəsilmişdi.

2004-cü ildə keçirilən referendum (Lukaşenkonun üçüncü dəfə prezidentliyə namizəd olmasına imkan verən) zamanı müstəqil saytlar yenidən provayderlərin “qara siyahısına” düşmüşdü. İstifadəçilər yenə də vasitəçi serverlərdən istifadə edərək çıxış yolu tapmışdılar. Bu dəfə bloklama ilə yanaşı, saytlara DDoS hücumları da oldu. Bu tip kiberhücumlar serverləri botlarla doldurur və nəticədə onlar real istifadəçilər üçün əlçatmaz olurlar.

2006-cı ildəki prezident seçkilərində yenidən bloklanma və müstəqil saytlara üç gün (2, 18 və 19 mart) davam edən DDoS hücumları oldu. Bu günə qədər Belarusda ən miqyaslı bloklama 2010-cu ildəki prezident seçkilərində baş verib. O zaman da “Facebook”, “Twitter”, “VKontakte”, “Odnoklassniki” kimi, məşhur saytlarda, həmçinin elektron poçtda şifrəli əlaqələrin qurulmasında istifadə olunan SSL portunun işi bir neçə saatlığına dayandırılmışdı.

2019-cu ildə “KeepItOn” qlobal koalisiyası 33 ölkədə 213 internetin məqsədli şəkildə bloklanması hallarını sənədləşdirmişdi. Məlum olmuşdu ki, şəbəkəyə girişi məhdudlaşdırmaq üçün görülən tədbirlərin əksəriyyəti bütün ölkə ərazisinə yox, müəyyən şəhərlərə, bölgələrə və ya əhali qruplarına yönəlib.

Dünya üzrə internetin tam kəsintisi nadir hallarda baş verir. Məsələn, 2019-cu ilin noyabrında – kütləvi etirazlardan sonra İraqın böyük şəhərlərində onmilyonlarla insan şəbəkəyə daxil ola bilməmişdi.

Noyabr ayında İranda yanacağın qiymətinin artmasına etiraz olaraq hökumət əleyhinə iğtişaşlar başlayanda hakimiyyət iki gün ərzində demək olar ki, bütün ölkədə interneti söndürmüşdü. Bu, ölkə tarixindəki ən uzunmüddətli qapanma idi.

Belarus internetin tamamilə yox olduğu ilk Avropa ölkəsidir. Belarus İnsan Hüquqları Təşkilatının nümayəndəsi Yana Qonçarova BBC-yə bildirib ki, bu, ölkə tarixindəki ən böyük, ən kütləvi və ən ciddi internet kəsintisidir.

Saytlara girişi məhdudlaşdırmaq üçün hökumət adətən, provayderlərə “qara siyahılar” göndərir və istifadəçilərin “arzuolunmaz” məlumatlara dair sorğularını süzgəcdən keçirir. İstifadəçilər şəbəkə ünvanlarını dəyişməklə və digər üsullarla bu maneəni aşırlar.

2018-ci ilin noyabrında Belarus hökuməti “şəbəkə paketlərinin tam analizi” (DPI) texnologiyasını satın aldı. Bu, daha inkişaf etmiş bir bloklama texnologiyasıdır.

İnternet istifadəçiləri və saytlar arasında məlumatlar trafik paketləri şəklində ötürülür. Şəbəkə paketlərini təhlil etməklə internet-provayderlər istənməyən məlumatların (viruslar və s.) daşınmasını avtomatik olaraq kəsə bilir. Həmçinin paketlərinin məzmunundan asılı olaraq istifadəçiyə reklamlar təqdim edir.

BBC Belarus dövlət satınalma saytının əlçatmazlığı səbəbindən tender sənədlərinin tam versiyası ilə tanış ola bilməyib.

Azsaylı məlumatlardan yalnız onu müəyyən edə bilib ki, müştəri texnologiyanı 2,5 milyon dollar dəyərində qiymətləndirib. Qarşı tərəf isə müştəriyə üç il müddətinə, yəni 2021-ci ilə qədər zəmanət və texniki dəstək verməli, həmçinin təlim keçməlidir. Tenderin baş tutub-tutmadığı məlum deyil.

Lakin İnternetin Mühafizəsi üzrə Rusiya Cəmiyyəti, həmçinin Belarus “Human Constanta” təşkilatı hakimiyyətin bloklama üçün məhz bu texnologiyadan istifadə etdiyinə inanır.

Hazırda Belarusda sosial şəbəkələr və messencerlər bəzi istifadəçilər üçün əlçatandır. Onlar buna virtual özəl şəbəkələr (VPN) və ya vasitəçi serverlərin xidməti ilə nail olurlar. Bütün bu vasitələr sorğuları hələ bloklanmamış “xarici” internet kanalları vasitəsilə saytlara və internet xidmətlərinə yönləndirir.

Yana Qonçarovanın sözlərinə görə, hazırkı çətin vəziyyətdə onları yükləməyin özü də problemdir: “Bunu əvvəlcədən edə bilənlərin az-çox çıxış imkanı var. Lakin insanların çoxunun çıxış imkanları yoxdur. Ya bloklamanı yara bilmirlər, ya da nə edəjəklərindən məlumatsızdırlar”.

Tərcümə Strateq.az-ındır

Mənbə: strateq.az