“Google” Hindistanda “insanların kartları” alətini sınaqdan keçirir

“Google” Hindistanda “insanların kartları” alətini sınaqdan keçirir

“Google” Hindistanda “insanların kartları” (“people cards”) alətini sınaqdan keçirir. Bu alət istifadəçilərə öz profillərini yaratmağa, iş haqqında məlumatları yerləşdirməyə və sosial şəbəkələrə bağlantıları eəlavə etməyə imkan verəcəkdir. Banker.az xəbər verir ki, bu profil “Google”da axtarış etdiyiniz zaman görünəcəkdir. Bildirildiyi kimi, kartlar hələki təkcə Hindistanda və yalnız ingilis dilində sınaqdan keçirilir.

İstifadəçi üçün hər şey olduqca sadədir: “Google” hesabınızda “məni axtarışa əlavə et” (“add me to search”) ifadəsini tapırsınız və kart yaratmaq üçün növbəti səhifəyə keçirsiniz. Mütləq doldurulmalı olan məlumatlar ad, peşə, yaşadığınız yer və “haqqımda” olacaq. İstəsəniz təhsil, doğma şəhəriniz, sosial şəbəkələr, telefon nömrəsi və ya poçt kimi əlavə məlumatları da qeyd edə bilərsiniz.

Bu yeniliyin müsbət və mənfi cəhətləri nisbətən aydındır. Məsələn, HR üçün namizəd haqqında maraq doğuran məlumatları tapmaq daha asan olacaq. Frilanserlər, biznesmenlər və iş axtaranlar üçün bu funksiya olduqca faydalıdır.

Lakin sui-istifadə halları da istisna edilə bilməz. Saxta kartlar kiməsə zərər verəcək, elektron poçt və ya telefon nömrəsi kimi şəxsi məlumatları isə ələ keçirmək daha asan olacaq.

“Google” qeyd edir ki, spam və sui-istifadə hallarının qarşısını alacaq müzanizm üzərində hal-hazırda işləyirlər. Məsələn, bir hesab yalnız bir kart yarada biləcək, onu yaratmazdan əvvəl isə hesabın telefon nömrəsi ilə təsdiq edilməsi tələb olunacaq.

Şirkət fırıldaqçılar tərəfindən yaradılan kartları etiketləməyə icazə verəcək və zərurət olduqda, istifadəçilər onları silə və ya redaktə edə bilərlər.
Bildirilir ki, bu eksperiment 2019-cu ilin aprelində bağlanan G+ sosial şəbəkəsindən daha uğurlu ola bilər.

Mənbə: banker.az