İndiyə qədər minə yaxın şəxs koronavirus barədə yalan məlumatların qurbanı olub

İndiyə qədər minə yaxın şəxs koronavirus barədə yalan məlumatların qurbanı olub

Bakı, 14 avqust, AZƏRTAC

Koronavirus barədə yalan informasiyalar bütün dünyada ən azı min nəfərin ölümünə səbəb olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu, beynəlxalq alimlər qrupunun tədqiqatında əksini tapıb.

Alimlər COVID-19 infeksiyası barədə sosial şəbəkələrdə və xəbər saytlarında yerləşdirilən 2300-dən çox şayiə və sui-qəsd nəzəriyyələrini araşdırıblar. Şayiələr əsasən koronavirusun yayılması və ölüm halları, həmçinin xəstəliyin səbəbi və müalicə üsulları ilə bağlı olub.

Məlum olub ki, xəbərlərin əksəriyyəti zərərli informasiyalardan ibarətdir, bəziləri isə həyat üçün təhlükəlidir. Onlardan bir çoxu faydasızdır və hətta yoluxma riskini artıra bilir. Belə informasiyalar indiyə qədər bütün dünyada təxminən mindən çox insanın ölümü ilə nəticələnib.

Yalan informasiyadan ən çox ABŞ, Hindistan, həmçinin Böyük Britaniya, İspaniya, İndoneziya və Çin əhalisi zərər görüb.

Alimlər Səhiyyə nazirliklərinin saytlarında və digər hökumət portallarında, həmçinin sosial şəbəkələrdə koronavirus infeksiyası barədə həqiqi məlumatların yayılması məqsədilə kampaniyaların həyata keçirilməsini vacib hesab edirlər.

Mənbə: azertag.az