Apple şirkəti öz servisləri üçün vahid abunəlik paketlərini işə salacaq

Apple şirkəti öz servisləri üçün vahid abunəlik paketlərini işə salacaq

Apple şirkəti öz məhsullarının istifadəçilərinə müxtəlif pullu servislər təklif edir. Həmin servislərdən hər biri üçün istifadəçi ayrıca ödəniş etməlidir. Lakin insayderlərin verdikləri məlumata əsasən yaxın zamanda bu dəyişəcək. Belə ki, şirkət bir neçə servisi özündə birləşdirəcək Apple One adlı paketlər sisteminə keçid edəcək. Beləliklə iOS istifadəçiləri aylıq abunəlik üçün ödəniş məsələsində qənaət edə biləcəklər. Bu barədə Arstechnica saytı xəbər verib.

Məlumata əsasən hər bir Apple One paketi istifadəçilərin üstünlük verdikləri müxtəlif kateqoriyalara hədəflənəcək. Buna görə də Apple şirkəti həmin paketləri bir neçə səviyyəyə ayıracaq. Belə ki, standart abunəlik paketinə Apple Music və Apple TV+ daxil olacaq. Daha bahalı abunəlik paketi isə özündə əlavə olaraq Apple Arcade servisini birləşdirəcək. Növbəti 2 abunəlik paketinə Apple News+ servisi və əlavə iCloud bulud servisində yaddaş həcmi daxil olacaq. Vahid abunəlik paketləri həmçinin Apple Family Sharing sistemi ilə də çalşacaq.

Bu sistem bir tarif çərçivəsində 6 nəfər şəxsin Apple servislərindən istifadə imkanını yaradır. Bu cür təkliflər istifadəçilərə ayda 2$-5$ qənaət etməyə yardımçı olacaqlar. Məsələn əgər hansısa ailə Apple şirkətinin bütün servislərinə və iCloud bulud servisinin maksimal yaddaş həcminə abunədirsə, bu, ailəyə ayda 45$-a başa gəlir. Apple One paketləri sayəsində isə ailə ayda 5$ qənaət edə bilər. Gözləntilərə əsasən yeni abunəlik paketləri bu ilin payız fəslində iOS 14-ün stabil versiyasının istifadəyə verilməsindən sonra ortaya çıxacaqlar.

Mənbə: news.milli.az