İslam ölkələrinə elmi-texnoloji dəstək artırılacaq

İslam ölkələrinə elmi-texnoloji dəstək artırılacaq

 

Qahirə, 15 avqust, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (COMSTECH) arasında keçirilən virtual müzakirələrdə İslam ölkələrinə elmi-texnoloji dəstəyin artırılması barədə razılıq əldə olunub.

AZƏRTAC ICESCO-nun yaydığı məlumata istinadla xəbər verir ki, təşkilatın Baş direktoru Salim Əl-Malik İƏT-in bu komitəsi ilə birgə layihələr həyata keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, hazırkı pandemiya şəraitində İslam ölkələrində elmin və texnologiyanın daha da inkişafı üzrə yeni təşəbbüslərə ehtiyac duyulur.

COMSTECH-in baş əlaqələndiricisi Məhəmməd İqbal Çodari ICESCO-nun əməkdaşlığa dair təklifini yüksək qiymətləndirərək qeyd edib ki, artıq tərəflər arasında bir neçə birgə təşəbbüs və proqramlar həyata keçirilir. İslam ölkələrində elmi tədqiqatların və texnoloji inkişafın dəstəklənməsi üçün bütün imkanlar mövcuddur.

Virtual müzakirədə süni intellekt sahəsində əməkdaşlığa, İslam dünyası universitetlərində şəbəkələr yaradılmasına xüsusi diqqət yetirilib. Bundan başqa, İslam ölkələri alimlərinin ikinci Robot Müsabiqəsində, habelə ICESCO və COMSTECH-in birgə həyata keçirdikləri Afrikada İƏT-ə üzv ölkələrin qadınlarının elmə cəlb edilməsi layihəsində iştirakı ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az