Sadə mexanizmin böyük qüvvəsi - Ölkəmizdə velosipedə maraq niyə azdır?

Sadə mexanizmin böyük qüvvəsi - Ölkəmizdə velosipedə maraq niyə azdır?

Kiçik ölçü, aşağı qiymət və yanacağa ehtiyacın olmaması velosipedi geniş istifadə olunan nəqliyyat vasitəsinə çevirib. Təsadüfi deyil ki, o, tikiş maşınından sonra dünyada kütləvi istehsal edilib yayılan ikinci texniki məhsuldur.

Əzələ qüvvəsi ilə pedal vasitəsilə hərəkətə gətirilən bu nəqliyyat vasitəsi Çin, Yaponiya və bir çox Avropa ölkələrindəki qədər olmasa da, Azərbaycanda da istifadə olunur.

Velosiped həvəskarlarının dediyinə görə, ondan istifadə insana inanılmaz zövq verir. Elədirsə, niyə ölkəmizin əksər insanları özlərini bu zövqdən məhrum edirlər?

Milli.Az ted.az-a istinadən bildirir ki, Çingiz Xankişiyev velosipeddən yalnız idman məqsədilə istifadə etdiyini bildirib. Onun fikrincə, yollarda xüsusi yerlərin olmaması ölkəmizdə velosipeddən kütləvi istifadəyə mane olur: "Velosipedlə uzun məsafə qət etmək heç də çətin deyil. Yaxın vaxtlarda velosipedlə Bakı ərazisində Bakıxanovdan Mərdəkan qəsəbəsinə, oradan isə Binəyə getməklə yenidən Bakıxanov ərazisinə qayıtmışam".

1 ildir uzaq məsafələrə velosipedlə yürüş edən Çingiz son dövrlər insanlarda bu nəqliyyat vasitəsinə maraq yarandığını düşünür. Onun fikrincə, velosiped yollarının yoxluğundan əlavə, uzun məsafə qət etmək üçün əlverişli elektron velosipedlərin ölkəmizdə geniş yayılmaması da ondan nəqliyyat vasitəsi kimi istifadəyə mane olur.

Buna baxmayaraq, bir dostu gündəlik həyatda çox yerlərə velosipedlə gedir:

"Velosiped haqqında cox danışmaq olar, dərin mövzudur" deyən Bilal Qasımov isə bu texniki vasitə ilə dünyanın əksər ölkələrini gəzib. Rejissor yanaşması və böyük həvəslə velosipeddən danışan qəhrəmanımızın sözlərinə görə, onun digər nəqliyyat vasitələrindən fərqi sürücünün məsafə qət etməklə yanaşı, həm də idman etməsidir: "İnsanı fiziki cəhətdən formada və gümrah saxlayır. Eyni zamanda çox ekonomikdir.
Təhlükəsizlik və velosiped üçün yol nəqliyyat qaydalarına riayət etməklə istənilən məsafəni qət etmək mümkündür".

Azərbaycanda bu nəqliyyat vasitəsindən az istifadənin səbəbini isə o belə izah edib: "Bakı çox eniş-yoxuşlu olduğuna görə, velosiped üçün əlverişli deyil. Üstəlik, azərbaycanlıların velosipedə marağı, həvəsi yoxdur. Çoxu velosipedlə işə getməyi ayıb hesab edir".

O, velosiped sürdüyü zaman ətrafdakıların reaksiyasını normal qarşılayır: "Əksəriyyəti tamamilə neytraldır. Sanki ümumiyyətlə, velosipedçini görmürlər. Bəziləri onun qiyməti ilə maraqlanır və getdiyim məsafəni soruşurlar. Bakıdan Mərdəkana və ya daha uzaq məsafəyə getdiyimi biləndə təəccüblənirlər".

O bildirib ki, velosipedlə 70-150-200-300 km yol getməyin mümkünlüyünü çox adam düşünmür. Əslində isə 1 saata 25 km qət etmək olur: "Velosiped digər nəqliyyat vasitələrindən həm də ona görə üstündür ki, səyahət zamanı insan daha çox görür və öyrənir. Çünki sürət yüksək deyil, istənilən an və yerdə dayanmaq mümkündür. Buna görə də, Avropa ölkələrinə səyahət edərkən kirayə velosiped götürür, şəhərləri velosipedlə gəzirəm. Velosipedin vaxta qənaət etməklə yanaşı, əlverişli səyahətlər bəxş etdiyini isə Budapeşt, Batumi, Odessa, Balatonfured, Lvov, Vena, Bratislava və s. şəhərləri gəzərkən kəşf etmişəm".

Həmsöhbətimiz velosipeddən istifadəni kompleks edənlərə və onu idarə etməyin çətinliyini düşünənlərə bu cür məsləhət verib: "Velosiped sürməkdən zövq almağı bacarmaq lazımdır. Kimsə sürmək istəyirsə, bunu problem kimi görməyəcək. Velosiped təyyarə deyil ki, onu öyrənməyə illərlə vaxt sərf edəsən, sadə mexanizmli nəqliyyatdır. Az vaxtda öyrənmək olar, əsas istəkdir".

"Trek" firmasının "Shosse" velosipedini sürən Bilal Qasımov bu nəqliyyat vasitəsini idman, səyahət üçün istifadə edənlərə mütləq tanınmış brendlərə məxsus, qiymətli velosiped almağı məsləhət görür: "Texniki zəif velosipeddən zövq almaq olmur. Üstəlik nəqliyyat vasitəsi kimi istifadə təhlükəlidir. Parkda uşaq sürəcək, yaxud gündə 2-3 km yol gediləcəksə, zövq almaq, velosipedin üstünlüklərini hiss etmək vacib şərt deyilsə, Çin, Rusiya brendləri almaq olar. Qiymətləri 200-400 manat civarında dəyişir. Amma nəqliyyat, idman məqsədi ilə alınırsa mütləq Trek, Giant, Kross, Cube, Specialized kimi tanınmış brendlərə məxsus olmalıdır. Onların qiyməti isə təqribən 700-800 manatdan başlayır. Qeyd edim ki, Azərbaycanda velosiped çeşidi azdır. Amma keyfiyyətli, dünyada tanınan, brend velosipedler tapmaq mümkündür".

Mənbə: news.milli.az