Ekspertdən sərt ittiham: “Yerli istehsal təkərə vurulan hava ilə ölçülmür"

Ekspertdən sərt ittiham: “Yerli istehsal təkərə vurulan hava ilə ölçülmür"

Azərbaycan hökumətinin vintaçanla (otvertka) avtomobil, traktor yığmaq, bu prosesin də adını “istehsal” qoymaq sevdasını bilirsiniz.

Ölkədə valyuta çıxaran layihələrdir, çünki bütün detallar xaricdən valyuta ilə alınır, məmləkətdə vintaçanla bərkidilir, yəni həm avtomobildə, həm də traktorda yerli olan ancaq təkərlərinə vurulan havadır. Qalan hər şey xaricdən dollarla gətirilir.

Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkədə 1170 minik avtomobili yığılıb, bu da keçən ilin eyni dövrü lə müqaisədə 326 әdәd və ya 21,8% azdır:

"Avtomobillərin 119 ədədi anbarlarda qalıb, aprel ayınadək (3 ay) Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi 164 ədəd avtomobil alıb. Aprel ayından sonra məlumat tapa bilmədim, amma bu il 600-ə yaxın avtomobil almalıdı. Yəni vintaçanla yığılan maşınların böyük əksəriyyətini büdcə pulu ilə nazirliklər və dövlət qurumları ilə satın alırlar. Adını da istehsalat, yerli istehsalçıya dəstək qoyublar. Son illər dövlət-hökumət qurumları yerli istehsal adı altında 6424 avtomobil alıblar ki, güya yerli istehsalçını dəstəkləyirlər, əslində isə İran, Çin, Belarus istehsalçılarını maliyyələşdiriblər.

Gələk traktorlara, bu ilin ilk 8 ayında ölkədə 165 ədəd traktor yığılıb ki, bu da keçən ilin eyni dövrünə nisbətən 79,8% azdır. Bu il sentyabrın 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb. Yəni 165 traktor yığılıb, onun da cəmi 21 ədədi satılıb, qalanı anbarlardadı. Traktorları alan da fermerlər deyil ha, yenə dövlət büdcəsi hesabına dövlət orqanlarıdır. Qısası, bu sevda məmləkətə ciddi ziyan vurur. Valyuta ilə alınan ehtiyat hissələri ölkədə yığılır, sonra bu məhsul dövlətin özünə büdcə vəsaiti hesabına satılır, büdcədən manatla ayrılan vəsait sonra dollara çevrilib ölkədən çıxır.

Demirəm ki, bizdə avtomobil, traktor istehsal edilməsin, təbii ki, mümkündür, amma bu o zaman istehsal sayılacaq ki, istifadə olunan parçaların, ehtiyat hissələrinin ən azı 30%-i məmləkətdə istehsal olunsun. Bax bu olacaq avtomobil sənayesi. İndi vintaçanla maşın-traktor yığmaq, bunu “uğur” kimi təqdim etmək həm məntiqsizdi, həm də ziyanlı. Yerli istehsal təkərə vurulan hava ilə ölçülmür".

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info