"Biznesə vergi güzəştlərinin verilməsi onun dayanaqlığını təmin etmək üçün yetərli ola bilməz"

"Biznesə vergi güzəştlərinin verilməsi onun dayanaqlığını təmin etmək üçün yetərli ola bilməz"

Koronavirus Pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərər artıq 10 trliyon dollarlarla ölçülür. Acınacaqlı olan isə tək bu deyil, cari ilin payız ayları üçün virusa yoluxmaların ikinci dalğasının gələmcəyinə dair öncə verilən proqnozlar özünü doğrultmağa başlamasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının sentyabr ayının 14-nə yaydığı məlumatda deyilir ki, bir sutka ərzində bütün dünya üzrə virusa yoluxanların sayı rekord həddə - 307,9 min nəfərə çatıb. Bu fonda artıq dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi və bütövlükdə dünya iqtisadiyyatında aktivliyin zəifləməsi halları qeydə alınmağa başlayıb. Bəs Azərbaycan hökuməti Pandemiya dövrü üçün iqtisadi aktivliyin qorunub saxlanması, biznesin Postpandemiya dönəminə daha dayanaqlı bir vəziyyətdə gəlib çıxması üçün nələr edir? Hökumətin atdığı bütün addımlar ölkədə biznesin bu çətin şəraitdə dayanaqlı qalmasını təmin etmək üçün yetərlidirmi? Bu dayanaqlığı möhkəmləndirmək üçün daha hansı addımların atılması zəruridir? Bütün bu suallar bu gün sahibkarlıqla məşğul olan hər bir iş adamını düşündürür. Pandemiya səbəbindən ölkənin vergi sistemi xüsusi vergi rejiminə keçirilib. Bu rejim pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib.

Belə ki, Pandemiyadan zərər çəkmiş sahibkarlar 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, onların 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştlər nəzərdə tutulur. Bundan başqa, daşınmaz əmlakın icarəyə götürülməsinə görə fiziki şəxslərdən ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib, sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai iaşə obyektləri üçün vergi dərəcəsi 8 faizdən 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədilə idxal edilmiş məhsullar ƏDV-dən azad olunub. Bu qəbildən olan digər güzəştlərlə yanaşı sahibkarlar üçün zəruri vergi tətilləri də müəyyən olunub. Lakin bütün bunlara rəğmən, Pandemiya dövrü uzandıqca biznesin fəaliyyət imkanları da zəifləyir və bir çox hallarda o, müflis olmaq həddinə çatır. Belə bir vəziyyətdə vergi güzəştlərinin ortada olması hələ problemin tam həlli demək deyil. Hökumət bu reallığı nəzərə alaraq, yeni, daha önəmli addımlar atmaq barəsində düşünməlidir.

Fəaliyyəti dayanacaq müəssisəyə hər hansı bir vergi güzəştinin verilməsi və ya verilməməsi praktik olaraq heç nəyi dəyişmir. Deməli, hökumət vergi güzəştləri kimi humanist bir misiyanın əhəmiyyətini qoruyub saxlamaq üçün eyni zamanda müəssisələrə verilən maliyyə dəstəyinin miqyasının və həcminin genişləndirilməsi üzərində düşünməlidir. Bu məqsədlə ölkənin valyuta rezervlərinin bir hissəsini effektli mexanizmlər vasitəsilə istifadə etmək mümkündür.

Fikrət Yusifov İqtisad elmləri doktoru, professor.

Mənbə: moderator.az