Əziyyətə son ! - “Gediş haqları mobil telefonla ödəniləcək” – Təqdir edildi

Əziyyətə son ! - “Gediş haqları mobil telefonla ödəniləcək” – Təqdir edildi

“Gələcəkdə bütün respublika üzrə bu cür imkanların yaradılması yaxşı olardı”

Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək mümkün olacaq. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yeni sistem yaradıb. Nazirliyin Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxıda pilot layihəyə başlanılıb.

Nazirlikdən verilən məlumata görə, Şamaxıda bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb. Bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür. Sistem istənilən bank kartını da dəstəkləyir.

Ölkəmizdə bu cür layihələrin tətbiqi fiziki təması azaldır, “ağıllı” şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır. Pilot layihə Şamaxıda effekt qazanacağı təqdirdə eyni sistemin bütün respublika üzrə tətbiqi arzuolunandır.

 

Ödənişlərin asanlaşdırılmasının ölkəmizdə geniş müzakirə edildiyini deyən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, “BakıKart” vasitəsilə ödəniş edən vətəndaşlar əziyyət çəkirlər.

Ekspertin sözlərinə görə, terminalların azlığı, bəzən işlək vəziyyətdə olmaması insanlara diskomfort yaşadır:

“Ona görə yeni sistem müzakirə olunmaqdadır. Bakı Nəqliyyat Agentliyi (BNA) həmişə söz verir ki, bu sahədəki problemlər tezliklə aradan qalxacaq. Narazılıq get-gedə artmaqdadır.

Metro bağlı olduğu dönəmlərdə vətəndaşlar kartları yükləməkdə çox əziyyət çəkirdilər. İndi metro açılıb, hələ ki, sakitlikdir. Yəqin ki, bu kartlara nə vaxtsa, onlayn ödənişlər, mobil yükləmələr mümkün olacaq. Eləcədə də ödəniş terminallarından “BakıKart”ları doldurmaq mümkün olacaq”.

E.Muradlı Şamaxıda tətbiq edilən layihənin mükəmməl olduğunu söyləyib:

“Layihə effekt versə, digər bölgələrdə də bu sistemi tətbiq etmək mümkün olacaq.

Hazırda informasiya texnologiyalarının inkişaf etdiyi bir dönəmdəyik. İdeyanı düşünənlərə təşəkkür edirəm ki, belə üsulları tətbiq edirlər. Gələcəkdə bütün respublika üzrə bu cür imkanların yaradılması yaxşı olardı”.

Ekspertin qənaətincə, avtobuslarda ödənişlərin respublika üzrə kartla edilməsi mümkündür:

“Hətta vahid kart vasitəsilə bunu etmək olar. Məsələn, həmin kart Sumqayıtda, Gəncədə və digər bölgələrdə istifadə edilə bilsin. Avtovağzalda bilet alanda da o kartla ödəniş etmək mümkün olsun.

Vətəndaş Şamaxıda bir kart, Bakıda başqa kart almağa məcbur olmasın. Vahid kart sistemini tətbiq etmək və həmin kartların doldurulmasını sadələşdirmək olar.

Bir çox funksiyaları bank kartları ilə yerinə yetirmək mümkündür. Hətta sürücülük vəsiqələrini də bu cür məsələlərdə istifadə etmək olar. Sürücülük vəsiqələrinə çip quraşdırılıb. Həmin çipə istənilən informasiyanı yükləmək və istifadə etmək mümkündür.

Hətta bu gün sürücülük vəsiqələrindən bank kartı kimi də istifadə etmək olar. Sadəcə bu texnologiyanı bir az da təkmilləşdirib qurmaq lazımdır. Düzdür, bu, bankların marağında olan məsələ deyil.

Çünki onlar kartları satır və pul qazanır. Amma ictimai nəqliyyat üzrə kartların tətbiqi daha da təkmilləşdirilməlidir”.

Mənbə: sherg.az