Bakının dünya enerji bazarında daha bir uğurlu gedişi və azalan neft gəlirlərini qaz satışı ilə kompensasiya perspektivi...

Bakının dünya enerji bazarında daha bir uğurlu gedişi və azalan neft gəlirlərini qaz satışı ilə kompensasiya perspektivi...

Son məlumatlara görə, Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin artıq 98 faizi yekunlaşıb. Beləliklə, boru kəmərinin tikintisi mərhələsi başa çatmaq üzrədir. Kommersiya istismarına başlamağa hazırlıq, sınaq və istismaravermə mərhələsi çərçivəsində boru kəmərinin Yunanıstan-Türkiyə sərhədindən Albaniyanın Fier şəhərindəki kompressor stansiyasına qədər olan hissəsi təbii qazla doldurulub.

Qeyd edək ki, boru kəmərində son qaynaq yekunlaşıb. Bu da o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşib. Bu, “Cənub Qaz Dəhlizi”nin tezliklə işə düşəcəyinin göstəricisidir. Ekspertlər bildirir ki, dünya neft bazarında yaşanan qiymət dəyişiklikləri fonunda Azərbaycanın qaz satışını reallaşdırması olduqca mühümdür. Bunu rus ekspert Aleksandr Sobko da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir: “Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir.
Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur”. Ekspert qeyd edir ki, bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub: “Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları bu halda qaz daha çox maraqlandırır. Ümumiyyətlə, təbii qaz çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda özünə yet tutmaq elə də asan deyil”. Bu halda ekspert Azərbaycanın Avropa kimi bazara qazını çatdırmaq üzrə olmasını ölkə üçün böyük uğur sayır. Beləliklə, “Şahdəniz” yatağının ikinci fazasının reallaşdırılması Azərbaycanın artıq dünya qaz bazarında mühüm bir yer tutmasına zəmin yaradır. Qaz hasilatının ildə-ilə artması isə ölkənin həm daxili tələbatının ödənilməsini, həm də yeni ixrac bazarlarına çıxışını təmin edir.

İndilikdə ölkəmizin iştirakı ilə aparılan işlər sayəsində qısamüddətli perspektivdə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi artacaq. Qaz İxracatçısı Ölkələri Forumunun məlumatına əsasən, “Cənub Qaz Dəhlizi”nin ikinci mərhələsinin TAP qolunun istifadəyə verilməsindən sonra Azərbaycanın Avropaya boru kəmərləri ilə ixrac edilən qazın həcmi 16 milyard kubmetr artacaq. Artan və daha çox ekoloji enerji mənbələrinə üstünlük verən Avropa bazarı əlavə qaz həcmlərini qəbul etməyə həmişə hazırdır. Azərbaycan da, öz növbəsində, sözügedən əlavə həcmlərin bir hissəsini öz resursları hesabına təmin edəcək. Amma Azərbaycanın tranzit imkanlarından Türkmənistan və İran kimi ölkələrin istifadəsi Azərbaycana Avropaya daha çox qaz ötürməyə imkan verir. “Şahdəniz”lə yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları isə 2,2 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu da Azərbaycanın təkbaşına belə uzun müddət Avropa qaz bazarında mühüm mövqe sahibi oalcağını deməyə əsas verir. Eləcə də Azərbaycanda yeni yataqların açılması və böyük potensiala malik bir sıra perspektiv strukturların mövcudluğu ölkədə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. Beləliklə, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi böyük töhfə və nailiyyət sayılır. Çexiya, Macarıstan, Slovakiya, Balkan ölkələri, Yunanıstan kimi ölkələr də Azərbaycan qazından faydalanacaq. Ümumiyyətlə, TANAP və TAP vasitəsilə bütün Cənubi Avropanı, üstəgəl İtaliyanın bir hissəsini qazla tam təchiz etmək mümkündür. Avropa Komissiyasının yüksək vəzifəli şəxsləri dəfələrlə bəyan edib ki, Azərbaycan etibarlı və uzunmüddətli qaz təchizatçısıdır. Belə vəziyyətdə gözlənir ki, İran, Türkmənistan kimi ölkələr də qazını məhz Azərbaycan üzərindən Avropaya satsın. Çünki Azərbaycan istiqamətindən gələn qaza Avropanın tələb və marağı kifayət qədər yüksəkdir. Bu halda qaz satışı Azərbaycanın neftdən azalan gəlirlərini də uğurla kompensasiya edəcək. Özü də nəzərə almaq lazımdır ki, təbii qaz getdikcə bahalaşır.

Ramil QULİYEV

 

Mənbə: www.baki-xeber.com