Qazla işləyən yeni sənaye sahələrinin yaradılması Azərbaycanda yeni iş yerlərinin açılmasına şərait yaradacaq

Qazla işləyən yeni sənaye sahələrinin yaradılması Azərbaycanda yeni iş yerlərinin açılmasına şərait yaradacaq

Bakı, 22 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Bir əsrdən çoxdur ki, Azərbaycan qabaqcıl neft ölkəsi kimi tanınır. “Qara qızıl”ın dünya bazarında qiymətinin qeyri-sabitliyi təbii qazın satışından gələn gəlirlərin neft ixracından əldə olunan mənfəətin səviyyəsinə çatmasına şərait yaradır. Əgər neft-kimya məhsullarının ixrac payı artmaqda davam edərsə, Azərbaycanın dövlət xəzinəsinə qazdan daxil olacaq gəlirlərin neft gəlirləri ilə bərabərləşəcəyi gözlənilir. Neftə tələbatın azalması və son dövrlər dünya bazarında qiymətinin qeyri-sabit olması ölkəmizin qaz hasilatını artırması zərurəti yaradıb. Azərbaycanda neft hasilatının uzun bir tarixi olsa da, qaz ixracı heç vaxt bugünkü qədər aktual olmayıb. Bunun əsas səbəbi əvvəllər qazdan istifadə sahələrinin məhdud olması idi.

Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Bu sahədəki uğurlar iqtisadiyyatımızın sabitliyinə xidmət edəcək. Həmçinin qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi, qazla işləyən yeni sənaye sahələrinin yaradılması ölkə iqtisadiyyatını şaxələndirəcək, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu, həm də kiçik və orta biznesin inkişafını stimullaşdıracaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

M.Cəfərov ölkəmizin dünyada daha çox nefti ilə tanındığını və respublikamızın sosial-iqtisadi inkişafında “qara qızıl”ın vacib rol oynadığını xatırladıb. Bildirib ki, uzun illər mütərəqqi texnologiyanın olmaması və neftə tələbatın artması ətraf mühitin həddən artıq çirklənməsinə gətirib çıxarmışdı. Yəni, belə demək mümkündürsə, XXI əsrdə baş verən elmi-texniki tərəqqi, məhsuldar qüvvələrin sürətli inkişafı, istehsalın və əhalinin böyük şəhərlərdə məskunlaşmasının müsbət nəticələri olduğu kimi, mənfi tərəfləri də var idi.

“Bu gün ölkənin neft emalı müəssisələrinin qarşısında duran başlıca vəzifə ətraf mühiti neft və neft emal məhsulları tullantılarından mühafizə etməkdən ibarətdir. Məlumdur ki, Azərbaycan neftinin tərkibində kükürdün miqdarı çoxdur. Bu cür tərkibli tullantılar ətraf mühitə ziyan vurur. Təbii ki, müasir dövrün ən aktual məsələlərindən biri də ətraf mühitin mühafizəsinin təmin olunmasıdır. Ölkəmizdə müxtəlif texnoloji qurğuya malik, yüksək keyfiyyətli məhsullar istehsal edən müasir neft emalı müəssisələrinin ətraf mühitə mənfi təsirlərinin azaldılması üçün aparılan araşdırmalar və tədqiqat işləri sayəsində bunun qarşısı uğurla alınıb. Artıq neft emalı ilə çirklənən ərazilərdə bərpa işləri uğurla həyata keçirilir”, - deyən deputat qeyd edib ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun “Abşeron” yatağında dəniz əməliyyatlarının təməlqoyma mərasiminin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, “Abşeron” layihəsinin həyata keçirilməsi ilə təbii qazın istehsal payının artırılması, neft və qaz emalının, kimya məhsullarının təkmilləşdirilməsi Azərbaycanda daha sabit gəlir və davamlı inkişaf üçün şərait yaradacaq, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verəcək. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.

“Abşeron yatağında hasilata başlanılması, sadəcə, neft və qaz sənayesi baxımından və geniş iqtisadi mənada deyil, həm də beynəlxalq iqtisadi münasibətlərdə tamamilə yeni mərhələnin başlanğıcından xəbər verir. Bu gün Azərbaycanın qaz strategiyası bir sıra mühüm hədəflərə çatıb. Belə ki, Azərbaycanın enerji təhlükəsizliyinin davamlılığının təmin edilməsi və ekoloji təmiz enerji istehsalı lazımi qaz ehtiyatlarının yaradılmasından ibarətdir”, - deyə deputat əlavə edib.

Mənbə: azertag.az