Türkiyə turşudan milyonlar qazanır

Türkiyə turşudan milyonlar qazanır

Türkiyə iqtisadiyyatı sabit günlərini yaşamır. Lirə dayanmadan dəyər itirir. Buna baxmayaraq, gözlənilməz sahələr iqtisadiyyata fayda verir.

Bizimyol.info xəbər verir ki, Türkiyə turşu ixracından milyonlar qazanır. Qardaş ölkə ümumilikdə 120 ölkəyə turşu göndərir. 2020-ci ilin 8 ayı ərzində bu sahədən 155 milyon dollar qazanc götürülüb.

Qlobal böhran dövründə turşuya tələbat xeyli artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə Türkiyə 18 faiz çox sifariş alıb. Bununla da ilk 8 ay üçün qazanc 24 milyon dollar çoxalıb.

Türkiyə ən çox Almaniyaya turşu satır. Almanlardan 41 milyon 327 min dollar xeyir gəlib. Niderland 25 milyon 748 min, ABŞ 18 milyon 325 min dollar fayda verib. Faizlə turşuya ehtiyacın ən çox artdığı ölkə Çexiya olub.

Qərb ölkələri ən çox xiyar turşusu (65 milyon 847 min dollar) sifariş edib. Bibər turşusu ikinci yerdədir (63 milyon 812 min dollar). Qarışıq turşudan 17 milyon 751 min dollar gəlib.

Türkiyə qarşısına ilin sonuna qədər gəliri 250 milyon dollara çatdırmağı əsas hədəf qoyub.

Mənbə: www.bizimyol.info