Azərbaycanda ilk borc fondu təsis edilib

Azərbaycanda ilk borc fondu təsis edilib

Bakı. Elçin Mehdiyev – Trend:

MÜSİAD Azərbaycan maraqlı bir ilkə imza atıb.

Trend-in məlumatına görə, qurum Azərbaycanda ilk dəfə korporativ formada öz üzvləri arasında borc fondu təsis edib. Fondun maliyyə vəsaiti üzvlük haqqı, könüllü ianələr və digər mədaxillər əsasında formalaşır. Fonda üzv olmaq istəyən şəxslər illik sabit üzvlük haqqını ödəməlidirlər. Yalnız fonda üzv olan şəxslər fondun vəsaitindən faydalanmaq hüququna malik olurlar.

Fondun tərkibində 3 ayrı subfond mövcuddur. Əsas Borc subfondu biznesin gedişatı ilə bağlı maddi cəhətdən çətinlik çəkən üzvlərin ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Ehtiyacı olan şəxslər fonddan borc götürüb razılaşdırılmış vaxta və qrafikə uyğun borcu geri qaytarırlar. Borc faizsiz və komissiyasız verilir. Bir şəxsə fonddakı vəsaitin ən çoxu 20%-i qədər borc verilə bilər. Borc götürmüş şəxs borcunu tam qaytardıqda borcun qaytarıldığı tarixdən ən tezi bir il sonra yenidən borc üçün müraciət edə bilər.

Fərdi Borc subfndu əlində sərbəst vəsaiti olan üzvlərin (və ya üzv olmayan digər şəxslərin) fonda verdikləri vəsait əsasında formalaşır. Bu subfond həmin vəsaitdən öz fəaliyyətinin istiqamətinə uyğun istifadə edir, yəni üzvlərə borc verir və razılaşdırılmış vaxtda vəsaiti sahibinə geri qaytarır.

Mənbə: az.trend.az