“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur

“Aqroservis”: Azərbaycanda gübrə çatışmazlığı yoxdur

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində fermerlərə verilən gübrələrin qiymətində artım və gübrə çatışmazlığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova Trend-ə açıqlamasında deyib ki, ölkə ərazisində gübrə paylanması ilə bağlı heç bir problem yaranmayıb.

Onun sözlərinə görə, hazırda bütün fermerlərə əkin üçün lazım olan gübrələr verilir: "Çünki şumaltı gübrə əkinlə birlikdə torpağa verilməlidir. Bununla bağlı heç bir ərazidə çatışmazlıq yoxdur. Şumaltı gübrələr amafos, nitromofos və kükürdlü amofosdur. Kükürdlü amofos gübrələr bu ildən fermerlərə verilib. Hazırda "Aqroservis" ASC-nin bütün bazalarında həmin gübrələr kifayət qədərdir. Heç bir bölgədə gübrə çatışmazlığı ola bilməz. Hətta bizdən əlavə də gübrə satışını həyata keçirən şirkətlər fəaliyyət göstərir. Fermerlər subsidiya kartları ilə həmin şirkətlərdən gübrələri əldə edə bilirlər".

 

A.Məmmədova qeyd edib ki, gübrə əldə edə bilməyən fermerlər ASC-yə müraciət edə bilərlər. Hətta “Aqroservis” ASC-nin bazalarına gəlmək imkanı olmayan sahibkarlar varsa, ASC onlara da lazımi şərait yaradır: "Biz artıq səyyar gübrə satışını da həyata keçiririk. Həftənin 6 günü səyyar xidmət rayonlarda fəaliyyət göstərir. Xidmət hər gün respublikanın 4 istiqamətində - rayon və kəndlərdə gübrə satışı həyata keçirir. Həmin fermerlər fermer kartları ilə yaxınlaşıb xidmətdən istədikləri gübrəni əldə edə bilərlər".

Şöbə müdiri deyib ki, gübrə satışında heç bier bahalaşma olmayıb və gübrələr əvvəlki qiymətə fermerlərə verilir: "Sadəcə olaraq, fermerlər əvvəllər lazım olan sənədləri təqdim etməklə gübrələri 70 faiz güzəştlə əldə edirdilər, yəni həmin vaxt gübrənin 70 faizinin qiymətini dövlət, 30 faizini isə fermer ödəyirdi. Amma indi dövlətin verdiyi güzəşt məbləği tam olaraq sahibkarın kartına yüklənir, sahibkar gübrənin 70 faizini kartda nəqdləşdirə bilmədiyi məbləğdən ödəyir, digər 30 faizini isə özü. Əksinə, indi keçən il olmayan bəzi gübrələr də gətirilib və ucuz qiymətə fermerlərə təklif edilir. Bəzi gübrələrin qiyməti isə nisbətən aşağı salınıb".

Mənbə: az.trend.az