Göyçayda nar yığımına başlanılıb

Göyçayda nar yığımına başlanılıb

Göyçay, 25 sentyabr, AZƏRTAC

Göyçayın nar bağlarında faraş yetişən məhsul yığımına başlanılıb və artıq 40 ton nar tədarük olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərilən məhsul seçilərək safları bazarlara çıxarılır, zədəli məhsul isə emal müəssisələrinə satılır. Bu il rayonda bütün ərazilərdə, xüsusilə daha çox nar bağları olan Bığır, Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm, Mirzəhüseyinli ərazi dairələrində bol məhsul yetişdirilib.

Qeyd edək ki, narçılıq Göyçayda ənənəvi təsərrüfat sahəsidir və sakinlər bu gəlirli sahənin inkişafında maraqlıdırlar. Rayon üzrə 6342 hektar meyvə bağı vardır ki, bunun yarıdan çoxu - 3632,4 hektarı nar bağlarıdır. Son vaxtlar nar bağlarının sahəsi 10,2 hektar artıb.

Məhsul istehsalı da ildən-ilə artır. Ötən il 33 min 541,2 ton nar tədarük olunub. Cari ildə bağlarda 40 min ton nar yığılacağı gözlənilir. Müalicəvi əhəmiyyəti olan bu məhsul nəinki yerli bazarlara, habelə Rusiya, Ukrayna və digər MDB ölkələrinə, hətta Avropa ölkələrinə göndərilir.

Mənbə: azertag.az