"Anglo-Asian Mining” Azərbaycanda qızıl və gümüş hasilatı həcmlərini açıqladı

"Anglo-Asian Mining” Azərbaycanda qızıl və gümüş hasilatı həcmlərini açıqladı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin bu ilin I yarısı ərzində Gədəbəy ərazisində hasilatı 18,5% azalaraq 32 501 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin I yarımillə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 27 922 unsiya, mis hasilatı 1 207 ton, gümüş hasilatı isə 58 529 unsiya təşkil edib. Qızıl hasilatında 18,8% azalma, mis hasilatında 25,3% artım, gümüş hasilatında isə 30,8% azalma qeydə alınıb.

Şirkət yanvar-iyun ayları ərzində 23 979 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 649 ABŞ dolları təşkil edib. Bu dövrdə istehsalın dəstəklənməsi üçün bir unsiyanın xərcləri 743 ABŞ dolları təşkil edib.

“Anglo-Asian Mining” şirkətinin proqnozuna əsasən, 2020-ci ildə şirkətin gəlirləri qiymətli metalların hazırkı qiymətlərində 100 mln ABŞ dollarını ötəcək.

Məlumata görə, bu ildə şirkətin istehsal gücü 75-80 min unsiya (qızıl ekvivalenti) arasında dəyişəcək.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Mənbə: azpolitika.info