Azərbaycan əhalisinin bank əmanətlərində dollarlaşma ilin əvvəlindən artıb

Azərbaycanda fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi cari il sentyabrın 1-nə 54,5% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, əhalinin bank əmanətlərində dollarlaşma aylıq müqayisədə 1,9 faiz bəndi, ilin əvvəlindən 2,3 faiz bəndi artıb, illik müqayisədə isə 1,5 faiz bəndi azalıb.

Bu il sentyabrın 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 874,4 mln. manat təşkil edib. Bu vəsaitin də 3 579,1 mln. manat və ya 45,5%-i milli valyuta, 4 295,3 mln. manat və ya 54,5%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Səfir: "40 min pakistanlı Azərbaycana gəlib"

SONRAKI XƏBƏR

Pakistan səfiri: “Ermənistanın atəşkəsi pozması qəbuledilməzdir"