"Başağrısı" istəməyənlərin nəzərinə: Ev alarkən diqqət etməli olduğunuz məsələlər

Tikinti sahəsi Azərbaycanda iqtisadiyyata təkan verən bir sahədir. Azərbaycanlılar isə ev- eşik sahibi olmağa, ömür boyu qurub yaratmağa, bir evi olsa belə yenisini almağa meyilli insanlardırlar. Xüsusilə Bakı şəhərində daşınmaz əmlak sahibi olmaq gələcəyini qarantiya altına almaq hesab olunur.

“Alınan evdən ziyan gəlməz” ənənəsinə sadiq qalaraq, bir balaca imkanı olanlar vəsaitlərini daşınmaz əmlaka yatırmağa üstünlük verirlər. Amma bu alqı- satqı həmişə uğurlu olurmu? Məhkəmə işlərinə baxsaq, aldananlar da az deyillər.

Niyəsi barədə Bizimyol.info-ya əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışır.

Elnur Fərzəliyev

Azərbaycanda daşınmaz əmlak alarkən vətəndaşların əsas diqqət etməli olduğu məslə sənədləşmədir. Hazırda daşınmaz əmlakların satışını əsas saytlar, əmlak agentlikləri və MTK-lar məşğul olurlar. Çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada aparılır.Amma müqaviləli mənzillərin alqı- satqısı MTK-ların nəzarətindədir. Dəfələrlə olub ki, vətəndaş MTK rəhbərindən mənzil alıb, sonra məlum olub ki, mənzil bir neçə nəfərə satılıb. Bu çoxmənzilli binalarda satışın dövlətə bağlı bir qurum tərəfindən deyil, MTK tərəfindən aparılmasından qaynaqlanır. Bu prosedur ya bələdiyyə, ya icra hakimiyyəti ya da ASAN xidmətdə həyata keçirilməlidir ki, vətəndaşa dövlət zamin dursun.

Rusiyada tikintini şirkət aparsa da, maliyyəni banklar ayırdığı üçün satış da banklarda aparılır. Vətəndaş pulu şəxsə yox, banka ödəyir.Türkiyədə bu işi bələdiyyələr görür. Hansısa şirkətdən mənzil almaq istəsəniz, binanın yerləşdiyi yerli bələdiyyədən ətraflı məlumat almaq olur . Şirkət satılan hər mənzillə bağlı bələdiyyəyə məlumat göndəriri.Bizdə belə şey yoxdur. Sənədsiz evləri biz kiminsə sözünə etibar edərək, qonşulardan soruşaraq almaq imkanındayıq. Ortalıqda rəsmi heç bir sənəd olmadığına görə, alqı – satqını notariusda rəsmiləşdirmək, borc sənədi imzalatmaq və.s imkansız olur.

Bizdə ildə nə qədər daşınmaz əmlak satılması barədə məlumat yalnız çıxarışlı mənzillərin sayı əsasında müəyyənləşdirilir. Həyət evlərinin alqı satqısı bina evindən daha çox baş tutur. Çünki daha ucuz başa gəlir. Tutaq ki, kimsə 20 Yanvar metrostansiyası yaxınlığında 1 otaqlı mənzili 50 min manata ala bilirsə, o istiqamətdə şəhərdən bir qədər kənarda eyni qiymətə 3 otaqlı geniş həyət evi ala bilər. Amma çıxarışsız. İmkanı az olan adamlar baxırlar ki, bu ərazidə illərdir yaşayanlar var. Belə evləri almağa razılaşırlar. Nəticədə bizim Bakıda 500 minə yaxın sənədsiz ev yaranıb.İnsanlar yaşadığı mənzili sənədləşdirmək üçün məhkəmələrə müraciət etməli olurlar. Əgər həmin ev hansısa dövlət şirkətinin ərazisində deyilsə məhkəmə qərarı ilə çıxarış əldə edə bilirlər. Mən tövsiyə edərdim vətəndaş mənzil almağa gedəndə mütləq bir hüquqşünas, əmlak məsələlərini yaxşı bilən birisi ilə getsin. Çünki günümüzdə vətəndaşlarımız bu məsələlərlə bağlı çoxsaylı fırıldaqçılarla üzləşirlər.

Qanun bu məslədə nə deyir. Mülki Məcəllədə göstərilir ki, daşınmaz əmlakla bağlı qeydiyyat müvafiq dövlət reyestr xidmətində aparıldıqdan sonra, onu qəbul edən şəxsin adına rəsmiləşdirilir və artıq onun mülkiyyəti sayılır. Əgər vətəndaş daşınmaz əmlakını satmaq istəyirsə, tez bir zamanda mənzildə qeydiyyatda olan şəxslərin razılığını almalı və yalnız ondan sonra həmin mənzili satmalıdır. Şifahi şəkildə mənzil üzərindən razılaşmaların heç bir hüquqi əsası olmur. Nəticə etibarilə alıcı pis vəziyyətdə qalır və yenidən qeydiyyatdan çıxmaları üçün həmin adamlarla əlaqə saxlamağa məcbur olur. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da birmənalı şəkildə qeyd olunub ki, notarius evin alqı-satqısı ilə bağlı qeydiyyatda olan şəxslərin hər birinin həmin mənzilin satılması ilə bağlı razılıqlarını almalıdır. Nəzərinizə çatdırım ki, hazırda daşınmaz əmlaklar bank girovunda olduğu zaman, banklar da marağında olurlar ki, həmin əmlakın yüklülüyü haqqında Dövlət Reyestri Xidmətində qeydiyyat aparılsın, çıxarışı alınsın və vətəndaşa təqdim olunsun. Nəticədə daşınmaz əmlakla bağlı hər hansı bir əməliyyat həyata keçirilərsə, sistemdə o yüklü kimi görünür və onunla bağlı əməliyyatların aparılması yalnız girov predmetini saxlayan şəxslərin icazəsi nəticəsində mümkün olur.

Əgər vətəndaşın çıxarışı ("kupçası") varsa, notariata 31 AZN pul ödəməklə daşınmaz əmlakın üzərində yüklülüyün olub-olmaması barədə sitemdən məlumat əldə edilməsinə nail ola bilər. Həyət evi alanlar isə mütləq şəkildə yalnız onun özü ilə bağlı deyil, altındakı torpaq sahəsi haqqında çıxarışı da tələb etməlidirlər”,- deyən ekspert qeyd edib ki, daşınmaz əmlak sahəsində qanunlar normal işləmir. Qanunun bir maddəsi evi alan insanı qoruyursa, digər qanun həmin evdən qeydiyyatdan çıxmamış şəxsin hüquqlarını qoruyur. Bu gün minlərlə insan qanunlardakı boşluq səbəbilə pulundan, əmlakından olur. Ev satan şəxsin, MTK rəhbərinin tutulması ev alan şəxsə heç nə vermir. Ona görə işi ilk başdan tədbirlə görmək yaxşı olar. Əmlak alarkən mütləq hüquqşünas yardımından istifadəni tövsiyə edirəm”,- deyə Elnur Fərzəliyev bildirib.

Son olaraq bir əlavə də etmək istərdim. Sənədlər bir yana. Ev alarkən ərazinin sürüşmə zonası olub-olmamasını, kanalizasiya, su, işıq, qaz xətlərinin vəziyyətini öyrənmək mütləqdir. Birdə qonşuları. Çünki sənədsiz evdə yaşayarkən qonşun pisdirsə səni qanunlar yox, yalnız köçüb qurtarmaq xilas edəcək.

İlhamə

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Yusif Bağırzadə: "Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir müttəfiq dövlət yoxdur" - MÜSAHİBƏ

SONRAKI XƏBƏR

Beynəlxalq jurnallardakı məqalələrə rəy verən BDU alimlərinin fəaliyyəti yüksək qiymətləndirilib