Neft bahalaşmayıb, pandemiya bitməyib: Nazir niyə nikbindir?

Neft bahalaşmayıb, pandemiya bitməyib: Nazir niyə nikbindir?

“Koronavirus pandemiyasına görə bu il Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) azalması gözlədiyimizdən az olacaq”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, əgər bu ilin may-iyun aylarında 4,5,-4,7% iqtisadi geriləmə gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözlənilir:

“Bütün bu proqnozlar pandemiyanın II dalğasının olub-olmaması, olacağı təqdirdə nə dərəcədə sərt keçməsi, ən əsası vətəndaşlarımızın müvafiq qaydalara riayət edib-etməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa sosial aktivliklə bağlıdır, bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz. Hər iki sahədə qəbul edilən addımların ahəngliyi və bir-biri ilə uzlaşması, icra edilməsi kimi tədbirləri nəzərdə tuturam", - deyə o, qeyd edib.

Nazir sahibkarlara müraciət edərək pandemiyanın yayılmasının qarşısını almaq üçün onları həyata keçirilən tədbirlərə ciddi yanaşmağa çağırıb: “Bunlar yalnız onların və digər vətəndaşların həyatına, sağlamlığına deyil, həmçinin bizneslərinin uğuruna və yaxud uğursuzluğuna təsir edən əsas amillərdir”.

Xatırladaq ki, ilin birinci yarısında ölkədə istehsal edilmiş ümümdaxili məhsulun bir il əvvəlki dövrlə müqayisədə 2,8 faiz azaldığı açıqlanıb. Maliyyə Nazirliyinin ilin sonuna proqnozlaşdırdığı iqtisadi daralma isə 4,3 faizdir. Bu proqnozlar 3 ssenariyə əsasən - neftin bir barel qiyməti 35, 40 və 45 dollardan götürülməklə hazırlanıb. Amma müstəqil ekspertlər nə ilin birinci yarısı üçün qeyd olunan faizlərlə, nə də ilin sonu üçün proqnozlaşdırılan göstəricilərlə razılaşmırlar. Hesab olunur ki, rəsmi göstəricilərdə yalnız leqal sahələr üzrə ÜDM göstəriciləri yer alıb. Qeyri-leqal sahələrdə azalmanın daha böyük olduğu qeyd olunur.

Belə olan təqdirdə iqtisadiyyat nazirinin açıqlaması sual doğurur.

Neftin qiymətində hər hansı ciddi yüksəliş olmadığı, karantin tədbirləri tamamilə aradan qaldırılmadığı, icazə verilən sahələrdə belə fəaliyyətinə tam bərpa olunmadığı təqdirdə iqtisadi daralmaya dair proqnozların kiçilməsi nə ilə bağlıdır və nə qədər inandırıcıdır?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, iqtisadiyyatın daralması tendensiyası yalnız Azərbaycanla bağlı deyil:

“Pandemiya, tətbiq edilən karantin tədbirləri nəticəsində həm ticarət dövriyyəsi, həm istehsal, həm də xidmət sektorlarında ciddi şəkildə sıxılmalar baş verib. Bu, bütün dünya dövlətləri, o cümlədən də Azərbaycan üçün xarakterik və təbii prosesdir. Azərbaycan kimi ölkələr pandemiya şəraitindən daha çox əziyyət çəkirlər. Pandemiyanın iqtisadiyyat iştirakçılarını məhdudiyyətlərlə üzləşdirməsi ilə yanaşı, 2020-ci ildə dünya bazarında neftin qiyməti kifayət qədər aşağı olub. Azərbaycan neftinin qiyməti çox az hallarda 40 dollara çatır. Bu da Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla yanaşı, dolayısı ilə iqtisadiyyatın kiçilməsinə də səbəb olur”.

İqtisadçı deyir ki, ölkəyə investisiya qoyuluşunda da azalmalar var:

“Bir sıra strateji proqramların icrasını çıxmaq şərtilə ölkəyə xarici investitsiya qoyuluşu ilə bağlı digər proqramların icrası dayandırılıb. Həm pandemiya, həm də neft qiymətlərinin aşağı düşməsinin nəticəsində iqtisadiyyatın kiçilməsinin qış aylarında da davam edəcəyi ehtimal olunur. Bu baxımdan da kiçilmənin 3-4 faizlə yekunlaşacağı proqnozları ilə razılaşmıram. Daha böyük rəqəmləri görə bilərik. Qış aylarında pandemiyanın ikinci dalğası başlayarsa, yenidən məhdudiyyətlərin tətbiqi məcburiyyəti yaranarsa, iqtisadiyyatın təxminən 6-7 faiz kiçilməsi mümkündür. Xüsusən neft ölkələrini daha çətin günlər gözləyir. Bütün proqnozlar göstərir ki, 2021-ci ilin əvvəlindək neftin qiymətləri aşağı olacaq, qiymətlərin yüksəlməsi üçün hər hansı səbəb yoxdur. Həm beynəlxalq aviareyslərin bərpa olunmadığı, həm ölkələrin qapalı olduğu şəraitdə neftə olan tələbat aşağıdır. Bir sıra ölkələr neft alışını azaldıb. Belə olan şəraitdə Azərbaycan kimi ölkələrdə iqtisadi kiçilmə hətta ikirəqəmli olaraq – 9-10 faizə də çata bilər”.

Xatirə Nəsirova
Cebhe.info

Mənbə: cebhe.info