Naxçıvan Dövlət Universitetində daha bir yenilik: əczaçılıq və simulyasiya kabinəsi yaradılıb

Naxçıvan, 25 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsində əczaçılıq və simulyasiya kabinəsinin açılışı olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev yeni kabinənin açılışını Əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının formalaşması üçün yaradılan şəraitin növbəti təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, tələbələrin yüksək ixtisaslı əczaçı kimi yetişməsində kabinənin əvəzsiz rolu olacaq, onlar burada təcrübə qazanacaqlar. Rektor əczaçılıq və simulyasiya kabinəsinin açılışı münasibətilə fakültənin müəllim və tələbə heyətini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Universitetin əczaçılıq və biokimya kafedrasının müəllimi Zəminə İsmayılova bildirib ki, Naxçıvanda əczaçı kadrlara olan tələbat nəzərə alaraq universitetin Tibb fakültəsində ilk dəfə 2012-ci ildə Əczaçılıq ixtisasına tələbə qəbulu həyata keçirilib. Artıq 5 ildir ki, bu ixtisas üzrə məzunlar muxtar respublikanın xəstəxanalarında, əczaxanalarında, dərman şirkətlərində öz ixtisasları üzrə fəaliyyət göstərirlər.

Diqqətə çatdırılıb ki, əczaxananı xatırladan kabinədə dərmanlar farmakoloji qruplarına uyğun olaraq yerləşdirilib. Buradan təkcə əczaçı tələbələr deyil, eyni zamanda, digər tibb ixtisasasının tələbələri də istifadə edə bilərlər.

Əczaçılıq texnologiyası ixtisası üzrə II kurs magistrant Solmaz Novruzova və IV kurs tələbəsi Tünzalə Quliyeva yaradılan şərait üçün minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, yaradılan şəraitdən maksimum istifadə edəcək, peşəkar kadr kimi yetişəcəklər.

Sonra kabinəyə baxış olub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Aİİ-yə 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub

SONRAKI XƏBƏR

5 həyat yoldaşı, 24 uşağı var: “Çoxarvadlılıq olduqca rahatdır” - Fotolar