Duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması üzrə layihə yekunlaşıb

Duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması üzrə layihə yekunlaşıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması" layihəsinin bağlanışı olub.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. Onlayn formatda keçirilən və Aİ nümayəndəliyinin "Facebook" səhifəsində yayımlanan tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və regional peşə təhsili və təlimi mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində Əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti qeyd edib ki, Avropa İttifaqı PTT mərkəzlərində keçirilən praktiki təlimin keyfiyyətinin artırılmasına, PTT mərkəzlərinin infrastruktur və təlim avadanlığının müasirləşdirilməsinə çox böyük önəm verir. Bu təkmilləşdirmə işləri tələbələrin məktəbdə keçdiyi praktik təlimin keyfiyyətini artıracaqdır ki, bununla peşə təhsili və təlimi iqtisadi inkişafın mühüm aparıcı qüvvəsinə çevriləcək, Azərbaycanda novator və rəqabətədözümlü biznes şirkətləri dəstəklənəcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov vurğulayıb ki, peşə təhsili müəssisələrinin modernləşdirilməsi və özəl sektor ilə əməkdaşlığın dərinləşdirilməsi agentliyin gündəliyində olan aktual məsələlərdəndir. Beynəlxalq əməkdaşlıq çərçivəsində sözügedən istiqamətlər üzrə Qəbələ, Qax və İsmayıllı rayonlarında yerləşən peşə təhsil müəssisələrinə göstərilən dəstək çox önəmlidir.

İştirakçılar Aİ nümayəndəliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə Azərbaycanda duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması istiqamətində həyata keçirdikləri səmərəli əməkdaşlığa və Azərbaycada peşə təhsili və təliminə marağın artması üçün verdikləri töhfələrə görə öz minnətdarlıqlarını bildiriblər.

Bağlanış mərasimində iştirakçılar layihənin uğurları barədə daha çox məlumat əldə etmək imkanı qazanaraq Qax Peşə Liseyinin tam təmirli və lazımi avadanlıqlarla təchiz edilən metal və ağac emalı üzrə emalatxanalarının və Qəbələ Dövlət Peşə Təhsili mərkəzində bütün vasitələrlə təchiz olunan videostudiyanın virtual açılış mərasimlərini də izləyiblər.

Eyni zamanda, İsmayıllı Peşə Təhsili və Təlimi Mərkəzinin istehsal etdiyi şərab məhsulları təqdim olunub.

Xatırladaq ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin həyata keçirdiyi layihə 2017-ci ilin sentyabr ayında start götürüb, 2020-ci ilin iyun ayında başa çatıb. Dəyəri 2.2 milyon avro olan layihə Almaniyanın dual peşə təhsili və təlimi modelinə əsaslanmaqla Qəbələ, İsmayıllı və Qax rayonlarında üç pilot PTT mərkəzində duala bənzər peşə təhsili və təlimi yanaşması tətbiq edərək kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminə maraq yaratmaq və əmək bazarının tələblərinə uyğunluğu artırmaq məqsədilə icra olunub.

Mənbə: azertag.az