Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artıb

Bakı, 26 sentyabr, AZƏRTAC

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 6 ədəd artaraq 261 olub. Lakin bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 599 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd çoxalaraq 183 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 530 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd artaraq 75 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 71 ədəd azalıb. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Mənbə: azertag.az