Mingəçevir Dövlət Universitetində turizm sahəsi üzrə kadr hazırlığına həsr olunan birgə layihəyə start verilib

Mingəçevir Dövlət Universitetində turizm sahəsi üzrə kadr hazırlığına həsr olunan birgə layihəyə start verilib

Mingəçevir, 26 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin və Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə reallaşdırılması nəzərdə tutulan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin açılış tədbiri keçirilib. 27 sentyabr - Ümumdünya Turizm Günü və Azərbaycanda Turizm İşçiləri Gününə həsr olunan layihənin 6 həftə müddətində icra edilməsi planlaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ZOOM” platforması üzərindən onlayn təşkil edilən tədbiri açan MDU-nun rektoru Şahin Bayramov layihənin əsas məqsədinin turizm sahəsi üzrə mütəxəssis hazırlığının inkişafı istiqamətində təhsil və sənaye əməkdaşlığının genişləndirilməsinə töhfə verməkdən ibarət olduğunu bildirib. Rektor Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətində qeyri-neft sektorunun aparıcı sahələrindən olan turizm sənayesinin əsas prioritetlər sırasında yer aldığını diqqətə çatdırıb. Tərəfdaşlara təşəkkürünü bildirən Ş.Bayramov layihənin gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.

Tədbir iştirakçılarını turizm işçiləri günü münasibətilə təbrik edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov birgə layihənin əhəmiyyətindən bəhs edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin turizm sahəsi üzrə ixtisaslaşdığını qeyd edən rektor müvafiq ixtisaslar üzrə tədrisin məzmununun təkmilləşdirilməsi istiqamətində əldə olunan uğurlar barədə məlumat verib.

Dövlət Turizm Agentliyi adından çıxış edən Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov layihənin aktual mövzuya həsr olunduğunu və tələbə-gənclər üçün faydalı olacağını vurğulayıb. Təmsil etdiyi qurumun fəaliyyəti barədə danışan Z.Bayramov layihənin icrasına müvafiq dəstək göstərəcəklərini bildirib.

Layihədə təmsil olunmaqdan məmnunluqlarını ifadə edən Mingəçevir Turizm Kollecinin direktoru Səid Salayev orta ixtisas təhsili pilləsində turizm sahəsi üzrə mütəxəssis hazırlığının əhəmiyyəti barədə fikirlərini bölüşüb. Sənaye ilə əməkdaşlığın zəruriliyini vurğulayan S.Salayev əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi sahəsində həyata keçirilən kompleks tədbirlər haqqında məlumat verib.

Layihə haqqında geniş təqdimatla çıxış edən MDU-nun müəllimi Cəlil Bağırov potensial iştirakçılar, təlimlərin mövzuları, qonaq məruzəçilər və digər təşkilati məsələləri diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarının layihə barədə, eləcə də turizm sahəsində kadr hazırlığına dair çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihə çərçivəsində 4 moduldan ibarət təlimlər keçiriləcək. Turizm sahəsinə maraq göstərən istənilən şəxs üçün açıq olan təlimləri uğurla başa vuranlar müvafiq sertifikatlar əldə edəcəklər.

Mənbə: azertag.az