İspaniya işsizliyə qarşı mübarizə üzrə Avropa proqramından 21,3 milyard avro yardım alacaq

İspaniya işsizliyə qarşı mübarizə üzrə Avropa proqramından 21,3 milyard avro yardım alacaq

Madrid, 26 sentyabr, AZƏRTAC

İşsizliyə qarşı mübarizə üzrə Avropa proqramı (SURE) Aİ üzvü olan 16 ölkə arasında bölüşdürülmək üçün 87,4 milyard avro ayıracaq.

AZƏRTAC xəbər verir ki, SURE proqramı Aİ-nin öz vətəndaşlarını müdafiə etmək və koronavirus pandemiyasının mənfi sosial-iqtisadi nəticələrini azaltmaq strategiyasının mühüm vasitəsidir.

Sentyabrın 25-də Aİ ölkələrinin hökumətləri işsizliyə qarşı mübarizə üzrə Avropa proqramından İspaniyaya 21,325 milyard avro ayrılması barədə Avropa Komissiyasının təklifini bəyəniblər.

SURE proqramının ümumi büdcəsi 100 milyard avroya bərabərdir. Buna görə də hələlik yardım istəməmiş üzv dövlətlər bundan ötrü müraciət edə bilərlər.

İspaniya SURE proqramından böyük məbləğdə vəsait alacaq ikinci ölkə olacaq. Bundan əvvəl İtaliyaya 27,4 milyard avro ayrılıb. Bu iki ölkə üçün ayrılan vəsaitin ümumi həcmi indiyə qədər göstərilmiş bütün yardımın təqribən 56 faizinə bərabərdir.

SURE proqramı xətti ilə yardımdan Polşa (11,2 milyard avro), Belçika (7,8 milyard avro), Portuqaliya (5,9 milyard avro), Rumıniya (4,1 milyard avro), Yunanıstan (2,7 milyard avro), Çexiya (2 milyard avro), Sloveniya (1,1 milyard avro), Xorvatiya (1 milyard avro), Slovakiya (631 milyon avro), Litva (602 milyon avro), Bolqarıstan (511 milyon avro), Kipr (479 milyon avro), Malta (244 milyon avro) və Latviya (193 milyon avro) bəhrələnib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mənbə: azertag.az