Qazaxın ən böyük fermer təsərrüfatını Rəcəb Babaşovla nə bağlayır?

Qazaxın ən böyük fermer təsərrüfatını Rəcəb Babaşovla nə bağlayır?

Məlum olduğu kimi, Rəcəb Abas oğlu Babaşov ölkə başçısnın 19 may 2016-cı il tarixli sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
MillətinSəsi.info Qerbinfo.com-a istinadən xəbər verir ki, Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan cəmi 11 gün sonra “Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC adlı şirkət dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğludur.

Son 4 ildə Qazaxda minlərlə hektar torpaq sahəsində əkin əkən “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” rayonun ən böyük təsərrüfatlarından birinə çevrilib.
Məsələn 2018-ci ildə Qazax rayonunda əkiləcək 990 hektar kartofun 250 hektarı və ya 1/4-i “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın payına düşüb.

Həmin il “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” 1502 hektar sahədə taxıl, 40 hektar sahədə isə tütün əkib.

Maraqlıdır ki, əvvəllər Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyən Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 11 gün sonra yaranan və qısa müddətdə sürətlə böyüyən bu şirkətin başında əslən qazaxlı olmayan şəxs dayanır.

“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğlunun İcra Başçısı Babaşov Rəcəb Abas oğlunun yaxın qohumu olduğu bildirilir.

Qeyd edək ki, əslən Sabirabad rayonun Qaralar kəndindən olan Rəcəb Babaşovun yaxın qohumu olduğu bildirilən Məmmədqulu Babaşov uzun illər Sabirabad rayonunda 35 saylı Yol İstismar İdarəsinin müdiri olub.

Hazırda həmin idarəyə Məmmədqulu Babaşovun oğlu Əliqulu Babaşov rəhbərlik edir. “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın qanuni təmsilçisi Emin Babaşovun da Əliqulu Babaşovun qardaşı olduğu bildirilir.


Onu da bildirək ki, Rəcəb Babaşovun atası Babaşov Abas Əliqulu oğlu 1938-ci ildə anadan olub və kənddə Hacı Abas olaraq tanınır. Rəcəb Babaşovun bibisi oğlu Həsən Həsənov isə uzun illərdir Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır.

Bundan başqa, saytımızda "Qazaxda dövlət tenderlərini kimlər udur?" adlı məqalədə bildirilirdi ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Qazax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 433 min 912 manat olan 14 tender keçirilib.

Bu il ən çox tenderi Qazax rayon İcra Hakimiyyəti keçirib. 7 tender keçirən Qazax rayon İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 7 tenderin ümumi məbləği 2 milyon 43,6 min manat olub.

Bundan başqa, rayonda Qazax Müalicə Diaqnostika Mərkəzi, Qazax Şəhər Mənzil İstismar Sahəsi və Qazax rayon Psixiatriya Xəstəxanası tenderlər keçirib.

Rayonda keçirilən 14 tenderdən 10-un "Azərtranss" MMC və “Tədarük AS” MMC qazanıb. "Azərtranss" MMC-nin qazandığı 5 tenderin ümumi məbləği 2 milyon 133,9 min manat, “Tədarük AS” MMC-nin qazandığı 5 tenderin ümumi məbləği isə 109 min manat olub.

Təkcə "Azərtranss" MMC-nin qazandığı 5 tenderin məbləğinin cəmi rayonda keçirilən bütün tenderlərin məbləğinin cəminin 88%-ni təşkil edir.

2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qazax rayonunda keçirilən tender müqavilələrin siyahısını yenidən təqdim edirik.

 

Mənbə: milletinsesi.info