Türkiyə vətəndaşlarına 494 milyard lirəlik dəstək paketi ödənilib- Pandemiya dövründə

Türkiyə vətəndaşlarına 494 milyard lirəlik dəstək paketi ödənilib- Pandemiya dövründə

Pandemiya dövrü ərzində Türkiyə vətəndaşlarına 18,7 milyard türk lirəsi qısamüddətli iş, 4,4 milyard lirə nağd dəstək və 3,6 milyard lirə işsizlik müavinəti olmaqla, ümumilikdə 494 milyard lirəlik dəstək paketi ödənilib ki, bu da ölkənin illik gəlirinin 10 faizini təşkil edib.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak “Yeni İqtisadiyyat Proqramı 2021-2023 Başlanğıc Toplantısı”nda çıxışı zamanı bildirib.

Nazir ölkənin yeni İqtisadiyyat Proqramının əsas mövzularının “Yeni balanslaşdırma”, “Yeni normallaşma” və “Yeni iqtisadiyyat” olaraq təyin edildiyini deyib. Qeyd edib ki, plana əsasən 2023-cü ildə ölkədə işsizlik səviyyəsinin tədricən azalaraq 10,9 faizə çatdırılması hədəflənir.

Yeni İqtisadiyyat Proqramı üzrə iqtisadi artım hədəflərinin 2021-ci il üçün 5,8, 2022-ci və 2023-cü illər üçün isə 5 faiz nəzərdə tutulduğunu deyən B.Albayrak bu dövr ərzində inflyasiya rəqəmlərinin 4,9 faizədək azalacağının hesablandığını vurğulayıb.

Mənbə: strateq.az