Azərbaycanın qeyri-neft ixracı 9,7% azalıb

Azərbaycanın qeyri-neft ixracı 9,7% azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 9,9 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə dəyəri 1,15 mlrd. ABŞ dollarından çox ixrac reallaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 mln. dollar və ya 9,7% azalıb.

Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 450,3 mln. dollar, Türkiyəyə 226,9 mln. dollar, İsveçrəyə 138,5 mln. dollar, Gürcüstana 92 mln. dollar, Çinə isə 32,7 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Cari ilin səkkiz ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 mln. dollar) ikinci və pambıq mahlıcı (78,6 mln dollar) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 376,3 mln. dollar, pambıq lifi ixracı 77,6 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,6 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 52,4 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,5 mln. dollar, mis və ondan hazırlanan məmulatların ixracı 12,5 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 118,5 mln. dollar, pambıq ipliyi ixracı 11,3 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 8,4 mln. dollar, şəkər ixracı 11,5 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15 mln. dollar, çay ixracı isə 6,2 mln. dollar təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 4%, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 28,9%, çay ixracı 0,2% artıb.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 118,2 mln. dollar təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 15,8% təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 4,3% çoxdur. 2020-ci ilin avqust ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 21,1%, qeyri-yeyinti sektoru üzrə isə 78,8% təşkil edib.

Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (31,7 mln. dollar), İsveçrəyə (31 mln. dollar), Türkiyəyə (21,9 mln. dollar), Gürcüstana (7,8 mln. dollar) və Əfqanıstana (2,2 mln. dollar) ixrac edilib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (28 mln. dollar) birinci, pambıq mahlıcı (6 mln. dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (5,4 mln. dollar ) üçüncü yerdə qərarlaşıb.

Mənbə: apa.az