“Əməliyyat günü bütün ağrılarım keçdi, 1 manat da ödəniş etməmişəm” - Video

“Əməliyyat günü bütün ağrılarım keçdi, 1 manat da ödəniş etməmişəm” - Video

Qısa müddətdir fəaliyyətə başlasa da, Yeni Klinika Azərbaycanda səhiyyə sisteminin əsas yükünü üzərinə götürəcək tibb müəssisəsinə çevrilməyə başlayır. Koronavirus pandemiyası dövründə virusa yoluxmuş xəstələri qəbul etməklə işə başlayan klinika bir ildir ki, hər kəsə əlçatandır. 500-dən artıq çarpayı sayı, nəhəng reanimasiya və müasir cihazlarla təchiz olunmuş əməliyyatxanaları ilə Qafqazda ən böyük olan xəstəxana icbari tibbi sığorta çərçivəsində gün ərzində 600-700 vətəndaşın sağlamlığına xidmət edir.

“Qafqazinfo” Yeni Kinikada olub, yaradılmış şəraitlə yerində tanış olub.

Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun sözlərinə görə, əsas hədəf səhiyyəmizin, dövlət sektorunun inkişafına təkan verməkdir: “Klinikamızda demək olar ki, tibbin əksər sahələri əhatə olunub. İcbari tibbi sığorta çərçivəsində göstərdiyimiz xidmətləri daha da genişləndirməyə, həkim və tibb personalının sayını artırmağa çalışırıq. İcbari tibbi sığorta ilə bərabər çox böyük nailiyyətlər əldə edəcəyik.

Artıq klinikamızda ürək-damar əməliyyatlarının icrasına başlanılıb və vətəndaşlarımız icbari tibbi sığorta çərçivəsində bundan faydalanırlar.

Hazırda xəstəxanamızda oftalmologiya şöbəsi qurulur. Dializ şöbəsi və plastik cərrahiyyə şöbəsi yaradılacaq. Qulaq, burun-boğaz, travmatologiya əməliyyatlarını genişləndirməyi

düşünürük. Hədəfimiz odur ki, xəstəxanaya daxil olan pasiyent istədiyi bütün xidmətləri burada ala bilsin”.

Həkimlə söhbətimizdə məlum olur ki, hazırda tibb müəssisəsində günlük əməliyyat sayı 30-40-a çatır.

Xəstəxananın Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov bildirir ki, burada əvvəllər dövlət xəstəxanalarında icra olunmayan, özəl klinikalarda çox böyük maliyyə vəsaiti hesabına başa gələn əməliyyatlar Xidmətlər Zərfi çərçivəsində icra edilir. Bura qalxanabənzər vəzi, mədə-bağırsaq, qaraciyər, mədəaltı vəzi və digər orqanların əməliyyatları daxildir: “Hazırda icbari tibbi sığorta çərçivəsində bir sıra mürəkkəb əməliyyatlar həyata keçirilir. Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaş üçün artıq bunlar əlçatan olub.

Müasir aparatların hesabına mədə-bağırsaq sisteminin əvvəllər açıq əməliyyat icra olunan bir sıra xəstəliklərini indi laparoskopik üsulla uğurla əməliyyat edirik”.

Həkimlə bərabər stasionar şöbəyə baş çəkirik. Pasiyentləri fərdi şəkildə müayinə edən həkim onlara tövsiyələrini verir. Artıq evə getməyə hazırlaşan pasiyent Həqiqət Kazımova klinikada 4 gün əvvəl əməliyyat olunub. Hazırda isə klinikanı bütün problemlərini geridə buraxaraq gülər üzlə tərk edir: “Bağırsağımda problem var idi. Hazırda özümü yaxşı hiss edirəm. Ayaqlarımda çox ağrılar olurdu, əməliyyat olunan gün bütün ağrılar keçdi. Həkim elə bil ki, zərgər kimi işləyib. İcbari tibbi sığorta sayəsində 1 manat da ödəniş etməmişəm. Bir saniyə məni tək buraxmayıblar. Gələn il fevralın 14-ü, Sevgililər Günü 70 yaşım tamam olacaq. Bu yaşımda əməliyyatdan belə rahat çıxmağıma heç kim inanmırdı. Bütün kollektivə çox minnətdaram”.

Cərrahiyyə şöbəsində işimizi bitirib aşağı mərtəbəyə enirik. Günorta saatları olduğundan uzman terapevt Səbinə Fərzəliyevanın qəbul otağının qarşısındakı növbə nisbətən azalmışdı. Həkim deyir ki, gün ərzində təxminən 25-40 pasiyenti qəbul edir:“Ən çox müraciətlər təzyiq, trioid, şəkər problemləri, qan azlığı və buna bağlı halsızlıq, baş gicəllənməsi ilə bağlı olur. Hazırda qəbul etdiyimiz xəstə sayı klinikamız yeni fəaliyyətə başladığı dövrlə müqayisədə xeyli artıb. Daha çox orta yaşlı, 45 yaşlı və ondan yuxarı olan şəxslər müraciət edirlər. İcbari tibbi sığorta həm həkimlərin, həm də xəstələrin işini çox asanlaşdırır”.

Nevroloq Emin Nəsirov isə bildirir ki, pasiyentlərin şikayətlərini dəyərləndirib icbari tibbi sığorta çərçivəsində müayinələrə cəlb edirlər:“Nevroloji xəstəliklər geniş xəstəliklər qrupudur. Bizə ən çox müraciətlər baş ağrıları ilə bağlıdır. Bundan əlavə insult - işemik və hemorargik insultlar, periferik sinir sistemi xəstəlikləri ilə bağlı şikayətlərlə müraciətlər olur. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstə sayının artımı müşahidə olunur. Gələn pasiyentlərin şikayətlərini dəyərləndirib icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində müayinələrə cəlb edirik”.

Yeni Klinikanın Sığorta şöbəsinin rəhbəri Eldar Tağıyev də xəstəxanadakı yeniliklərdən danışır. Onun sözlərinə görə, xəstəxanada təxminən 6-7 ay öncə elektron növbə sisteminin tətbiqinə başlanılıb:“Pasiyentlər klinikaya daxil olduqda elektron formada növbə götürür. Monitorda növbəsi yazılanda qeydiyyatçıya yaxınlaşır və hansı şikayətlərlə gəldiyini, hansı həkimə yaxınlaşacağını bildirir. Bunun əsas üstünlüyü pasiyentlər arasında narazılıqları aradan qaldırmaq və növbə sistemini daha rahat qurmaqdır. Pasiyentlər xidmətlərdən daha şəffaf yararlanırlar.

2022-ci ilin iyul ayından bəri klinikamızda əməliyyatlar olunur. Biz ötən ilin iyul ayında 1242 xəstə qəbul etmişdiksə, artıq bu gün həmin say ay ərzində 25-30 min nəfərə çatıb. Stasionar yatış sayımız isə ay ərzində 600-ə çatır”.

Odur ki, burada yenilik təkcə klinikanın adında deyil. Bütün infrastrukturundan, təchizatdan tutmuş tibb heyətinə qədər yeni olan klinika ölkədə uğurla tətbiq olunan icbari tibbi sığorta ilə səhiyyə sistemində çox böyük addımlar atmağa iddialıdır və borcludur.

Gülnar Əliyeva

Foto-video: Pərvin Zeynal

 


 

Mənbə: qafqazinfo.az