OPEC+ hasilatı artırarsa... - “Hər gün bazarda təlabatdan artıq 4 milyon barel neft olacaq” - AÇIQLAMA

OPEC+ hasilatı artırarsa... - “Hər gün bazarda təlabatdan artıq 4 milyon barel neft olacaq” - AÇIQLAMA

Səudiyyə Ərəbistanı gələn ilin əvvəlində OPEC+ formatının iştirakçısı olan ölkələrdə neft hasilatının artırılması imkanlarını dəyərləndirməyə çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu təklif OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin bu günə təyin olunmuş iclası ərəfəsində səsləndirilib.

“Səudiyyə Ərəbistanın bu təklifinə dair yekdil mövqe yoxdur. Çünki bazarda gələn il tələbat həcmini indidən qiymətləndirmək çox çətindir. Koronavirusun öz şərtləri var. Hətta bugünkü iclas zamanı monitorinq komitəsinin kvotaları dəyişdirmək məsələsini müzakirəsi zamanı pandemiya ilə bağlı risqləri də nəzərə almalarını xahiş etmişik”, - deyə nümayəndə heyətlərinin birindəki mənbə bildirib.

Oktyabrın 8-də WSJ mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı OPEC+ formatı çərçivəsində neft hasilatını gündəlik 2 milyon barelə yaxın artırılması imkanlarını araşdırır. Belə ki, pandemiyanın ikinci dalğası və əlavə xammal təklifi üzündən dünyada neftə tələbatın qeydə alınmayan əskiyi üzündən belə bir dəyişikliyə ehtiyac yarana bilər. Xatırladaq ki, OPEC+ formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər. Məlum olduğu kimi, neft təlabatını kəskin şəkildə aşağı salan koronavirus pandemiyası hələ ki, aradan qalxmayıb. Əksinə havanın temperaturu aşağı düşdükcə, dünya ölkələrində, o cümlədən də Azərbaycanda son günlər ərzində yoluxma sayı artmaqdadır.

Belə olan təqdirdə hasilatın artırılması ilə bağlı təklif neft hasilatçıları üçün sərfəli olacaqmı?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda bazarda olan aşağı təlabat və hasilat həcmlərinin artması problemlər yaradır:

 

“Gözləntilər var idi ki, avqust ayından başlayaraq qlobal neft bazarlarında neftə olan təlabatda artımlar müşahidə olunacaq, amma bunun əksi oldu. Hən xam neftə, həm də neft məhsullarına olan təlabat keçən illə müqayisədə aşağıdır. Məsələn, Avropa Birliyinin üzvü olan ölkələrin stasionar anbarlarında neft məhsullarının həcmləri 667 milyon bareldən yuxarıdır. Bu, çox böyük bir rəqəmdir. Anbarlarda təlabatdan artıq neft məhsullarının mövcud olması Avropadakı emal zavodlarının normal gəlirlə işləməsinə əngəl törədir”.

Ekspert deyir ki, hazırda OPEC və OPEC+ ölkələrinin sutkalıq kəsintisi 7,2 milyon bareldir:

“Sazişə görə, yanvarın 1-dən sutkalıq kəsinti 5,7 milyon barelə düşəcək. Bu o deməkdir ki, 2021-ci ildə hər gün dünya bazarında təlabatdan artıq 4 milyondan yuxarı neft həcmləri mövcud olacaq. Bu da onu göstərir ki, bazarı tənzimləmək çox çətin olacaq. Digər tərəfdən, Liviyada artıq fos-major vəziyyəti aradan qalxıb, yataqların normal fəaliyyətinə start verilib. Çox qısa müddətdə Liviyada sutkalıq neft hasilatı 1 milyon bareldən artıq ola bilər. Bu da neft bazarı üçün təhdid yaradır. Çünki Liviyada hasil olan neftin böyük hissəsi Aralıq dənizinin enerji rayonlarına ixrac olunur. Belə olan təqdirdə neft bazarlarını tənzimləmək çətinləşəcək və bazar şərtləri tamamilə dəyişəcək. Bu baxımdan da OPEC və OPEC+ ölkələr əlavə kəsintilərə getməlidirlər. Həm Avropada, həm ABŞ-da, həm Hindistanda koronavirusun ikinci dalğası gözlənir. Bu baş verəcəyi təqdirdə sərnişindaşıma, ticarət aktivliyi aşağı düşəcək. Bu da neftə olan tələbatın aşağı düşməsi deməkdir”.

Zəfər Vəliyev hesab edir ki, OPEC+-ün mərhələli formada kəsintilərə getməklə bağlı qərarı yalnış addım idi:

“7 ay öncə də demişdim ki, 9,7 milyon barel kəsintini 2020-ci il dekabrın 31-dək davam etdirmək lazımdır”.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Cebhe.info-ya açıqlamasında 2021-ci ildə neft hasilatının yüksələcəyini bildirib.

Xatirə Nəsirli
Cebhe.info

 

Mənbə: cebhe.info