2030-cu ilədək bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaradılacaq

2030-cu ilədək bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaradılacaq

2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaradılacaq.

Bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, enerji təminatına geosiyasi və təhlükəsizlik prosesləri ilə sıx əlaqədə baxan Azərbaycan elektrik enerjisi sahəsində əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə maraqlıdır. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, ölkənin enerji təminatında problem yaratmayan və şok təsirlərə qarşı kifayət qədər dayanıqlı enerji sistemi daim qlobal inkişaf dəyişikliklərinə uyğunlaşmanı, istehsal portfelində şaxələnməni və səmərəli idarəetməni zəruri edir: “Hazırda qlobal energetika sistemində enerji keçidi prosesi sürətlənir. Enerji keçidi müasir dövrdə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin edən alət kimi qəbul edilir. Bu məqsədlə dünyada bərpa olunan, ekoloji cəhətdən təmiz enerjidən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılmasını birmənalı dəstəkləyən strateji qərarlar qəbul olunur”.

O vurğulayıb ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir. Bu gün əsas məqsədimiz Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır.

“Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavatlıq günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması oldu. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpaolunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq”, - deyə P.Şahbazov əlavə edib.

Mənbə: vergiler.az