Bakının bu küçəsində tıxac nə zaman bitəcək? - SƏHƏR VƏ AXŞAM...

Bakının bu küçəsində tıxac nə zaman bitəcək? - SƏHƏR VƏ AXŞAM...

Bildiyimiz kimi, koronovirsa (COVID-19) yoluxanların sayında artım Bakı metrosunun yenidən bağlanmasına səbəb oldu. Paytaxt sakinləri sərnişin avtobusları, taksi və şəxsi nəqliyyat vasitələrindən istifadə edirlər. Bu, son günlər Bakıda uzun tıxaclara səbəb olur.

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, şəhərin yol infrastrukturunun düzgün nizamlanmaması tıxacların yaranmasına səbəb olur.

“Yaranan tıxacların bir sıra səbəbləri var ki, bunlardan biri yolların daraldılmasıdır. Digəri isə yol hərəkətinin doğru tənzimlənməməsidir. Bununla bağlı bir sıra qurumlar məşğuldur, lakin görülən odur ki, aparılan işlər qənaətbəxş deyil.

Bakıda tıxacların yaranması səbəblərinə yollardakı işıqforlar da daxildir. Paytaxtda yol nəqliyyat infrasturkturu ürək açan vəziyyətdə deyil. Yollar çəkilsə də, bu işlər sona qədər çatdırılmır. Məsələn, yollar lazımi enliyə malik olmur, işıqforlar düzgün nizamlanmır, yaxud nişanlardan düzgün istifadə olunmur. Diqqət yetirsək görərik ki, yollarda məlumatlandırıcı nişanlar azdı, hətta yox səviyyəsindədir. Əksinə, daha çox qadağan edici nişanlar mövcuddur. Bu zaman isə belə bir fikir yaranır ki, bu nişanlara nəzarət edən qurumlar insanları məlumatlandırmaqda maraqlı deyillər”.

Ekspert yaranan tıxacın əsas səbəbindən danışarkən deyib ki, yeni salınan körpüllər, yollar istifadə üçün səmərəsizdir:

“Qara Qarayevdən Ziya Bünyadova qədər olan yolda körpülərin tikilməsi, yolların salınması həmin ərazidə yaranan tıxacların səbəbləri sırasına daxildir. Bu körpülərin tikintisi, yaxud panellərin qoyulması zamanı demək olar ki, heç bir standartlar gözlənilməyib, dönmə bucaqları nəzərə alınmayıb. Bu yolların 1 km məsafəsi 6 metr hündürlüyündə başlayırsa, 3 km məsafəsi 3 metr enliyində davam edir. Bu zaman da yolda genişlənmə-daralma yaranır və həmin ərazidə tıxacın olması da təbii hala çevrilir. Eyni zamanda yollarda çıxıntıların olması, yaxud dönmə bucaqlarının düz olmaması manelər törədir və bunun nəticəsində avtomobillərin hərəkəti məhdudlaşır, sıxlıq yaranır. Yaxşı olardı ki, yol infrastruktur məsələsinə bir daha baxılsın və cavabdeh qurumlar üzərində məsələlər bir daha qaldırılsın. Bu layihələrin səmərəli olması müxtəlif ekspertlər tərəfindən təsdiq olunsa və həmin ekspertlər öz imzalarını atsalar, hər hansı problem yarananda məsuliyyəti üzərinə götürəcək bir şəxs mövcud olar”.

Şəfəq Samed Redaktor.az

 

Mənbə: redaktor.az