Bazar şərtləri neft nəhənglərini birləşməyə məcbur edir

Bazar şərtləri neft nəhənglərini birləşməyə məcbur edir

Neft nəhəngləri ucuzlaşan qiymətlər və azalan tələbat fonunda pandemiyanın təsirlərini aradan qaldırmaq üçün birləşməyə və satınalmalara üz tutur.

Pandemiya səbəbindən azalan tələbatla birlikdə neft qiymətlərinin düşməsi nəticəsində enerji sektorundakı şirkətlər arasında satınalmalar və birləşmələr artmağa başlayıb. Xüsusilə hasilat xərclərinin daha yüksək olduğu şist nefti sənayesindəki birləşmələr bu mərhələdə əsas diqqəti çəkir.

Ayın əvvəlində “Chevron” “Noble Energy”ni 4,1 milyard dollara aldıqdan sonra “ConocoPhilips” oktyabrın 19-da 9,7 milyard dollar dəyərindəki səhmlər qarşılığında “Concho” şirkətini aldığını elan edib. Nəhayət isə “Pioneer Natural Resources” 4,5 milyard dollara “Parsley Energy”ni aldığını açıqlayıb.

Bu razılaşmalardan sonra “Conoco” və “Pioneer” Perm hövzəsindəki ən böyük şist nefti istehsalçıları arasında yer tutub. Şist nefti çıxaran şirkətlərin ən böyük problemi isə sürətli böyümə hədəfləri nəticəsində borclarının çox yüksək olmasıdır.

Əlli milyard dollardan çox borcu olan Amerikanın 50-dən çox neft və qaz şirkəti cari ildə iflasdan qorunmaq üçün müraciət edib. Milyardlarla dollar dəyərində borcların ödəməsi gəldikcə isə yaxın 2 il ərzində daha çox şirkət iflas edə bilər və ya qoruma istəyə bilər.

Şimal dənizində fəaliyyət göstərən “Premier Oil” də rəqibi “Chrysaor” tərəfindən alınıb və Şimal dənizindəki ən böyük şirkət olan “Chrysaor”un bir hissəsi olub. “Premier” uzun müddətdir ağır borc yükü altında idi. “Chrysaor” “Premier”i alaraq şirkəti xilas edib, lakin böyüyən şirkətin yalnız 5 faizini sərmayəçilərə buraxıb.

“Deloitte” tərəfindən nəşr olunan 2020-ci il üzrə neft-qaz bazarında dair satınalma və birləşmə hesabatında isə şirkətlərin bundan sonra “böyük neft” şirkətləri deyil, “böyük enerji” şirkətləri adlandırılacağı vurğulanır.

Hesabatda neft şirkətləri tərəfindən yüksək karbonlu aktivlərlə yanaşı, bərpaolunan enerjiyə də investisiya qoyuluşlarının daha böyük transformasiyanın bir hissəsi olacağından bəhs edilir.

“Deloitte” hesabatda qarşıdakı illərdə əmtəə qiymətlərinin aşağı olması və balans zəifliyi nəticəsində şirkətlərin 2020-ci ildə baş verənlərdən qorunacağını və bir çox aktorun olduğu dağınıq bazarın daha da konsolidasiya olacağını bildirib(azərtac).

Mənbə: strateq.az