ABŞ maliyyə qurumlarının mənfəəti kəskin artıb

ABŞ hökuməti tərəfindən koronavirus epidemiyasının iqtisadi fəsadlarını yumşaltmaq üçün görülən tədbirlər nəticəsində ölkənin maliyyə qurumlarının mənfəəti ilin birinci yarısında xeyli artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-York ştatının nəzarətçisi Tomas DiNapoli tərəfindən açıqlanan illik hesabata görə Uoll streetdəki maliyyə qurumlarının vergiöncəsi mənfəəti cari ilin 6 ayı ərzində 27,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 82 faiz çoxdur.

Hesabatda göstərildiyi kimi, cari ilin birinci yarısında bank sektorunun mənfəəti bütöv 2019-cu il ərzində əldə edilmiş 28,1 milyard ABŞ dollarından çox da geri qalmır.

Nəzarətçinin fikrincə, bank sektoru və bütövlükdə maliyyə sistemi koronavirus pandemiyası ilə bağlı federal səviyyədə 2,4 trilyon ABŞ dollarına yaxın dəstək alıb, yaxın həftələr ərzində əlavə maliyyə dəstək tədbirləri də gözlənilir. “Goldman Sachs Group İnc.”, “JPMorgan Chase Co.”, “Citigroup İnc.”, “Bank of America”, “Wells Fargo & Co” kimi ölkənin mühüm maliyyə qurumlarının açıqladığı göstəricilərin böyük əksəriyyəti ekspertlərin gümanlarından üstün olub. Nəzarətçinin fikrincə, maliyyə sahəsində bu cür yüksək göstəricilərin ilin ikinci yarısında da davam etməsi qəti olmasa da, bütövlükdə cari ildəki mənfəət səviyyəsi ötən ildəkindən çox olmalıdır.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Tural Gəncəliyev: Moskva göz yaşlarına inanmır

SONRAKI XƏBƏR

Neft kəmərlərinin marşrut məsələsində Ermənistanın 26 illik peşmançılığının tutarlı əsasları var