Böyük qayıdış Bakıda evləri ucuzlaşdıracaq? - Ekspertlər fərqli düşünür

Böyük qayıdış Bakıda evləri ucuzlaşdıracaq? - Ekspertlər fərqli düşünür

Artıq bir aya yaxındır ki, Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab olaraq əks-həmlə əməliyyatlarını davam etdirir. Ordumuzun uğurlu əməliyyatı nəticəsində işğalda olan xeyli rayon və kəndlərimiz geri qaytarılıb. 28 ildir yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin öz doğma evlərinə qayıtmalarına çox az zaman qalıb. Artıq böyük qayıdışın astanasındayıq.

Böyük qayıdışın ölkənin iqtisadi həyatında canlanma yaradacağı kimi, daşınmaz əmlak bazarına da təsiri istisna edilmir.

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Cebhe.info-ya açıqlamasında böyük qayıdışdan sonra daşınmaz əmlak bazarında dinamikanın artacağını deyib:

“Bu barədə indidən proqnoz vermək doğru olmaz. Amma hərbi əməliyyatlar bitdikdən və ərazi bütövlüyümüz tam bərpa edildikdən sonra Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişaf tempi bir qədər də artacaq. Təbii ki, hökumətin həmin ərazilərdəki infrastrukturu bərpa etmək və şəhərsalma istiqamətində xərcləri xeyli dərəcədə artacaq. Beynəlxalq investisiyalar və humanitar addımlar olacaq. Amma eyni zamanda, burada əsas yük hökumətin üzərinə düşəcək. Bütövlükdə zaman-zaman infrastruktur xərclərinin artımı, həmçinin şəhərsalma tədbirlərinin sürətlənməsi zamanı dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsinin məhz daşınmaz əmlak məsələsinə yönəldiyini müşahidə etmişik.

Bu mənada hesab edirəm ki, proseslər başa çatdıqdan sonra ümumiyyətlə, daşınmaz əmlak bazarında dinamikanın artımı müşahidə oluna bilər. Dinamikanın artımı isə öz növbəsində müsbət qiytmət dinamikası deməkdir. Ona görə də hesab etmirəm ki, daşınmaz əmlak bazarında qiymətlərin azalması əsas olacaq. Əlbəttə ki, bəzi ekspertlərimiz düşünür ki, məcburi köçkün və qaçqınlarımızın öz yurd-yuvalarına qayıtması nəticəsində təklif arta bilər. Təklifin artımı və tələbin aşağı olması fonunda isə bu, qiymət azalmasına gətirib çıxara bilər. Amma hesab etmirəm ki, bu, belə olacaq”.

 

Mənbə: cebhe.info