Xudafərin körpüsünün yaxınlığında xüsusi iqtisadi zona yaratmaq olar - Ekspert

Xudafərin körpüsünün yaxınlığında xüsusi statusa malik iqtisadi zona yaratmaq olar.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, belə bir zonanın yaradılmasının iqtisadi əhəmiyyəti Qarabağ və ətraf rayonların çiçəklənməsinə böyük fayda verə bilər:

”Xüsusi iqtisadi zonanın yaradılması modelləri çoxdur. Amma yaxşı olar ki, həmin əraziyə uyğun daha spesifik bir model yaradılıb tətbiq edilsin. Düşünürəm ki, dövlətin bu sahə üzrə məşğul olan səlahiyyətlilərindən bir gün belə bir təklif irəli sürüləcək və orada özünəməxsus bir model yaradılacaq. Xudafərinin ən böyük logistik əhəmiyyəti o zaman üzə çıxacaq”.

E.Əmirov bunu da əlavə edib ki, Xudafərin körpüsünün tarixi əhəmiyyətini iqtisadi əhəmiyyətə çevirmək olar.

Onun sözlərinə görə, 1027-ci ildə tikilən Xudafərin körpüsü 7 il sonra – 2027-ci ildə 1000 yaşına çatacaq.

Ekspert həmin ərazinin yaxınlığında eyni adda turizm mərkəzlərinin yaradılmasını da təklif edir:

“Orada böyük bir turizm mərkəzi yaratmaq olar və onun açılış vaxtını da məhz körpünün 1000 illik yubileyi dövrünə salmaq olar. COVİD-19 virusunun geri çəkilməsindən sonra ən böyük aktivlik turizm sektorunda olacaq. Biz bu fürsəti qaçırmamalıyıq. 1000 illik qədim Xudafərin bu zonanın inkişafına ancaq elə özünün tarixi adı ilə böyük töhfələr verə bilər”.

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev: “O vaxtkı rəhbərlik cəsarət göstərə bilmədi”

SONRAKI XƏBƏR

Xarici Bankın Bakı filialı 9 ayda 315 min manat zərər edib – Hesabat