Ermənistan depressiya tunelində: İqtisadi çöküş, pandemiya, itkilər...

Ermənistan depressiya tunelində: İqtisadi çöküş, pandemiya, itkilər...

Koronavirus səbəbindən onsuz da çətin vəziyyətdə olan Ermənistan iqtisadiyyatı Dağlıq Qarabağdakı münaqişənin yenidən alovlanması ilə daha da çətin duruma düşüb.

Hazırda Ermənistanda əsasən əsgər geyimlərinin qiyməti müharibə olmayan dövrə nisbətən artıb. Bu gün “qara bazar”da (digər yerlərdə əsgər geyimini yüksək qiymət səbəbindən almaq mümkün deyil) bir paltar dəsti 18-25 min AMD-yə satılır. Müharibədən əvvəl “qara bazar” da qiymətlər 15-17 min dram arasında idi. Bundan əlavə, ərzaq məhsullarının qiymətlərində də ciddi artımlar müşahidə edilir. Supermarketlərdə 1 kiloqram şəkər tozunun qiyməti 250-280 AMD-dan 410 AMD-a qədər yüksəlib. Şəkərlə yanaşı, son 10 gündə mağazalarda kərə yağı da bahalaşıb. 10 gün əvvəl 1 litr yağın qiyməti 600 AMD-dirsə, bu gün 750-800 AMD-yə satılır. Qarabaşaq və un bazarında da inflyasiya müşahidə olunur.

Qeyd edək ki, Ermənistanın milli valyuitası olan dramın (AMD) ABŞ dollarına nisbətdə məzənnəsi belədir: 472 AMD-1 dollar

Qiymət artımının yaratdığı narazılıq erməni sosial şəbəkə istifadəçilərinin intensiv müzakirə mövzusuna çevrilib. Ermənilər sosial şəbəkələrdə müharibədən sonra güllərin, çələnglərin, əsgər geyimlərinin, yağ və şəkərin qiymətlərinin qalxmasından narazıdırlar. İstifadəçilər qiymət artımının əsas səbəbini bəzi supermarket sahiblərinin orduya 50 milyon dram ayırdıqdan sonra ərzaqların qiymətini qaldırmaqla bir həftə ərzində həmin pulu artıqlamasıyla qaytarmaq cəhdi ilə izah edirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, pandemiyadan sonra Ermənistan iqtisadiyyatı çox ciddi resessiya ilə üzləşib. O qeyd edib ki, ardınca müharibənin başlaması, məğlubiyyət və böyük itkilər Ermənistan iqtisadiyyatı üçün resessiya ehtimallarını dərinləşdirib:

“Ötən bir ay ərzində Ermənistan milli valyutası dram öz dəyərini itirməyə başlayıb və bu proses sürətlənib. Çünki ölkədən həm valyuta axını, həm də ölkənin valyuta ilə xərcləri artıb. Müxtəlif hesablamalara görə, torpaqlarımızın işğaldan azad edilməsi prosesi nəticəsində Azərbaycan Ermənistanın müdafiə sənayesinə 2 milyard dollardan artıq zərər vurub. Təbii ki, bu proses davam edir və Ermənistan çalışır ki, mümkün qədər silah-sursat və hərbi avadanlıqlar idxal etsin. Bu özü də əlavə valyuta xərci yaratmaqla Ermənistanda yerli valyutanın üzərində təzyiq yaradır. Dəyərsizləşən valyuta öz növbəsində idxal olunan məhsulların bahalaşmasına, son nəticədə istehlak qiymətləri indeksinin artmasına gətirib çıxarır”.

Analitik yaranmış situasiyada tələb və təklif arasında tarazlığın pozulduğuna da diqqət çəkib: “Əsgər geyimləri ilə bağlı bildirilən göstəricilər və qiymət artımı daha sərtdir. Burada təxminən 25-30 faiz arası artımdan söhbət gedir. Bunun əsas səbəbindən biri yaranmış situasiyada məhz tələbin kəskin şəkildə artmasıdır. Məlumdur ki, normal vəziyyətlə müqayisədə Ermənistana bu məhsullara daha çox tələb yaranıb. Çünki ölkədə ümumi səfərbərlik elan olunub, həm də Ermənistan Baş naziri könüllü dəstələrin yaradılması ilə bağlı vətəndaşlara müraciət edib”.

Rəşad Həsənovun qənaətincə, ölkədə yağın qiymətinin artması idxalda fasilələrin olması ilə əlaqədardır: “Eyni zamanda dünya bazarlarında son həftələrdə yağın bahalaşması ilə bağlı müşahidə edilən tendensiya da prosesə öz təsirini göstərir”.

Mütəxəssisin müşahidələrinə əsasən, Ermənistan bu prosesi uzun müddət davam etdirə bilməyəcək: “Artıq proqnozlaşdırmağa başlanıb ki, 2021-ci ildə Ermənistanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 70 faizə yüksələcək. Hazırda bu göstərici 60 faiz ətrafındadır, ilin sonunda 67 faiz olacağı gözlənilir. Gələn il isə Ermənistanın dövlət borcu ÜDM-ə nisbəti 70-75 faizə yüksələ bilər.

Ermənistanın cəmi 4 milyard dollarlıq bir büdcəsi var və dramın dəyərsizləşməsi nəticəsində büdcə davamlı olaraq dollar ifadəsində kiçilir. Ümumi 2020-ci il üçün təxminən 6 milyard dollarlıq bir büdcədən söhbət gedib. Bu, təxminən Azərbaycanın hərbi büdcəsinə bənzər bir büdcədir.

İndiki şərtlər daxilində Ermənistanda böyük ehtimalla dövlət borclanması üzrə xərclər də artacaq. Artıq beynəlxalq reytinq agentlikləri Ermənistanın suveren kredit reytinqini neqativ istiqamətli dinamika nümayiş etdirəcəyi ilə bağlı ciddi siqnallar verməyə başlayıblar. Böyük ehtimalla növbəti aydan etibarən bu ölkənin suveren kreditləri aşağı düşəcək. Bu, Ermənistan üçün daha bahalı borclanma və son nəticədə əlavə xərclərə gətirib çıxaracaq”.

Rəşad Həsənov hesab edir ki, Ermənistan növbəti illərdə itirilmiş hərbi resursların bərpası istiqamətində dövlət büdcəsinin daha çox hissəsini hərbi məqsədlərə sərf etməyə məcburdur: “Bu da orta və uzunmüddətli dövrdə Ermənistanda sosial rifahın təminatı mexanizmlərinin zəifləməsinə və bu istiqamətdə yoxsulluq səviyyəsinin hazırkı 20 faizdən 30 faizə doğru irəliləməsinə gətirib çıxarda bilər.

Artıq Ermənistanda işsizlik ciddi şəkildə problemə çevrilib. Baxmayaraq ki, ikinci rübdə 20 faizdən 17 faizə doğru bir geriləmə var idi. Ermənistan Statistika Komitəsi rəsmi rəqəmləri açıqlamayıb, amma müəyyən hesablamalara görə, üçüncü rübdə işsizlik səviyyəsinin 20-21 faiz olacağı proqnozlaşdırılır. İlin dördüncü rübündə isə artıq işsizlik səviyyəsinin 25-30 faizə qədər yüksələ biləcəyinə dair ehtimallar var. Yəni çox ciddi sosial-iqtisadi, eyni zamanda siyasi və hərbi təzyiqlər altında Ermənistan orta və uzunmüddətli dövr üçün dərin depressiya tunelinə daxil olub”.

Mənbə: teleqraf.com