Hərbi geyim bazarında canlanma - uşaqlarla xanımlar da həvəsləniblər

"Öncəki aylarla müqayisədə hazırda tələb və hərbi vəziyyətlə əlaqədar olaraq qiymətləri ən azı 30-40 faiz aşağı salmışıq. Biz də çalışırıq ki, öz dəstəyimizi müəyyən formada göstərək" - 13 ildir hərbi geyimlərin tikişi və satışını həyata keçirən dərzi

Son günlərin elan saytlarında ən çox satılan və satışa təqdim olunan məhsullarından biri də hərbi geyimlər, hərbi çanta və hərbi çəkmələrdir. Cəbhə xəttində baş verən hadisələr hərbi geyimlər bazarında da bir canlanmaya səbəb olub.

Sputnik Azərbaycan olaraq hərbi geyimlər mağazasındakı son vəziyyəti öyrəndik. Öncə satışda olan ikinci əl hərbi geyimlərin qiyməti ilə maraqlandıq. Satışda olan belə hərbi geyim dəstlərinin qiyməti 35 manatdan başlayır. Satıcı dəstin təzə kimi qaldığını, bir neçə dəfə geyinildiyini deyir. Belə çantaların qiyməti 25 manatdan, hərbi papaqların qiyməti isə 5 manatdan başlayır.

Bu gün hərbi geyimlərin tikişi ilə məşğul olan dərzilərin də əvvəlki ilə müqayisədə işləri artıb. Bəs maraqlıdır, birinci əl hərbi geyimlər bazarında qiymətlər necə, artıbmı?

Bunun üçün paytaxt və Sumqayıtda yerləşən bir neçə belə geyim mağazasına müraciət etdik.

Həmsöhbətimiz Vüqar Mehdiyev təxminən son 1 ay ərzində müraciətlərin artdığını deyir: "Müraciət edənlərin əksəriyyəti sadə vətəndaşlardır. Onlar hərbi maykalardan tutmuş, çanta, üst geyim dəstinədək müxtəlif sifarişlər verirlər. Böyüklərlə yanaşı, balacalar üçün çoxsaylı sifarişlər daxil olur".

"İşimiz çox olanda bir sifarişi 10 günə də yerinə yetiririk. Parçalarımız isə sadədir və yerli istehsaldır. Dəstlərin qiyməti böyüklər üçün 45-50 manat, uşaqlar üçün 25-35 manat, maykaların qiyməti isə 5-6 manat arasında dəyişilir", - deyə həmsöhbətimiz əlavə edir.

O deyir ki, tələb artsa da, onlar qiymətləri qaldırmayıblar, elə öncəki aylarda olduğu kimi saxlayıblar.

Artıq 13 ildir ki, hərbi geyimlər tikərək satışını həyata keçirən Məhəmməd Piriyev deyir ki, hərbi ilə bağlı olan bütün geyim növlərinə maraq var: "Bildiyiniz kimi, bizim hərbçi xanımlarımız da var. Həm onlar tərəfindən, həm də sadə vətəndaş olan digər xanımlar tərəfindən sifarişlərimiz olur. Lakin öncələr xanımlar tərəfindən belə müraciətlər az olurdu".

"Müraciətlərin əksəriyyəti isə uşaqlar üçün olur", - deyə o əlavə edir.

O deyir ki, böyüklər üçün üst geyim dəstləri 40-45, uşaqlar üçün 20-25 manat, çəkmələrin qiyməti 90-95 manat aralığında dəyişilir: "Bizim materiallarımızın 70 faizi Türkiyə istehsalıdır. Lakin qeyd edim ki, öncəki aylarla müqayisədə hazırda tələb və hərbi vəziyyətlə əlaqədar olaraq qiymətləri ən azı 30-40 faiz aşağı salmışıq. Biz də çalışırıq ki, öz dəstəyimizi müəyyən formada göstərək".

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA

SONRAKI XƏBƏR

BU, HƏMİN SƏRXOŞ TONOYANDIR? - Azərbaycan əsgəri bir zamanlar “xoruzlanan” müdafiə nazirinin “pipiyi”ni dağıdıb!