Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Oktyabrın 28-də, Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər, onlayn rejimdə Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Bu barədə Yenisabah.az-a Energetika Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, tədbir Beynəlxalq Enerji Xartiyasının nazirliklə əməkdaşlığı çərçivəsində, “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda baş tutacaq. Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək.

Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər. Forumda iştirak yalnız dəvət əsasında həyata keçirilir.

Mənbə: yenisabah.az