Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar

Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar

Qusarlılar əsgərlərimizlədir. Sentyabrın 27-dən Azərbaycanda əks-əməliyyat tədbirləri başlayandan qusarlılar cəbhə bölgəsi ilə sıx ünsiyyətdədirlər.

İstiPress-in şimal bürosunun məlumatına görə, statusundan asılı olmayaraq rayonda hər kəs, hər bir sakin döyüş bölgəsinə öz kömək əlini uzatmaq, yardım göstərmək istəyir.

Qusar İH başçısının müavini Elman Mustafayev bildirib ki, çoxsaylı vətəndaşlar İH-nə müraciət edərək hərbçilərimizə öz köməklərini təklif ediblər və etməkdədirlər. İH-nin təşkilatçılığı ilə bu gün daha iki yük avtomaşını cəbhəyə göndərilib: "Yük avtomobilləri cəbhəyə hər cür Qusar sovqatı, kənd təsərrüfatı məhsulları, isti geyim və gigiyenik vasitələrlə dolu idi. Qusarlılar bu yardımları göndərməklə hər bir Azərbaycan əsgərinin yanında olmaq istəyirlər".

Elman Mustafayev bildirib ki, indiyədək Qusardan İH-nin və vətəndaşların dəstəyilə 15 yük avtomobili döyüş zonasına yola düşüb. Sakinlərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın Ordusu hər cür ərzaq, geyim və məişət əşyaları ilə tam təmin olunur, amma qusarlılar Şanlı Ordumuzun qazandığı qələbələrə cüzi də olsa öz töhfələrini qatmaq istəyirlər.

Mənbə: istipress.com