Karbohidratlar ölkəsindən günəş energetikası ölkəsinə doğru...

Karbohidratlar ölkəsindən günəş energetikası ölkəsinə doğru...

Təbii resursların təsnifləşdirilməsi sistemində Günəşin enerjisi “tükənməz təbii resurslar” kateqoriyasına aid edilir. Bitkinin yetişməsində və böyüməsində Günəşin istilik və işıq mənbəyi kimi əhəmiyyəti əkinçilərə qədimlərdən məlum idi. Lakin onun elektrik enerjisinin mənbəyi olmasını insanlar yalnız XX əsrdə aşkar etdilər.

Günəş enerjisi tükənməzliyi ilə yanaşı, özünün heyrət doğuran iri həcmi ilə seçilir. Bir il ərzində Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından dəfələrlə çoxdur. Onun yalnız 0,0125%-dən istifadə edilməsi dünyanın elektrik enerjisinə olan ehtiyaclarını tam ödəməyə kifayətdir. Günəş enerjisindən istifadənin üstünlüyü həm də ondadır ki, o, ekoloji cəhətdən təmizdir və atmosferi “istixana effekti yaradan qazlarla” çirkləndirib, qlobal iqlim dəyişmələrinə səbəb olmur.

Günəş enerjisıinin iki qüsuru var: birincisi, sənaye üsulu ilə enerji almaqdan ötrü günəş panellərinin yerləşdirilməsi müəyyən həcmdə sahənin olmasını tələb edir. Günəş Parkları yaradılarkən, bu, bəzən min və on min hektarlarla ərazini əhatə edir. Adətən, “Günəş Parkları” üçün yararsız ərazilər, səhra və daşlı yerlər, əkinə yararsız torpaqlar və s. seçilir; ikincisi, günəşin batması ilə günəş enerjisinin elektirik enerjisinə çevrilməsi kəsilir, ilin fəslindən, səmanın buludlu və ya açıq olmasından asılı olaraq, alınan enerjinin miqdarında tərəddüdlər baş verir. Lakin bu da texniki baxımdan artıq öz həllini tapıb. Günəş energetikasının işıqlanmadan asılılığını azaltmaqdan ötrü güclü akkumlyatorlardan istifadə olunur. Gündüz saatlarında enerjinin bir hissəsi günəş panelləri və ya modulları vasitəsilə istifadəçilərin ehtiyaclarını ödəyirsə, enerjinin artıq qalan hissəsi güclü akkumlyatorlara toplanaraq günün qaranlıq vaxtlarında istifadə olunur.

Dünya üzrə 1 m2 yer səthə düşən günəş enerjisinin orta həcmi 1366 vat təşkil edir. Coğrafi enlikdən asılı olaraq bu rəqəm dəyişir. Beləliklə, günəş şüalarının enerjisini elektrik cərəyanına çevirməkdən ötrü əsas texniki elementlər günəş panelləri (şüa enerjisini elektrik enerjisinə çevirən) və akkumlyatorlardır (enerji toplayıcıları).

Hazırda müxtəlif ölkələrdə istehsal olunan Günəş panellərinin köməyi ilə onun üzərinə düşən günəş şüalarının maksimum 24%-ni elektrik enerjisinə çevirmək mümkündür. Bu o deməkdir ki, günəş panellərinin Faydalı İş Əmsalı (FİƏ) 24%-dən çox deyil. Qalan şüa enerjisi panellərin qızmasına, səthindən əks olunmasına və s. sərf olunur. Lakin bu, son hədd deyil. 2012-ci ildə Morgon Solar kompaniyasının orqşüşə, germanium və arseiumdan yaratdığı panelin çevirmə imkanı 30%, 2013-cü ildə Sharp kompaniyasının hazırladığı panelin göstəricisi 45%, 2017-ci ildə Almaniyanın “Günəş enerjisistemləri İnstitutunun” hazırladığı panelin göstəricisi isə 46%-a çatmışdır. Ümumiyyətlə, günəş enerjisinin elektrik enerjisinə çevrilməsinin nəzər həddi 86,6% (bəzi mənbələrdə 86,3%, 87,1%) hesab olunur. Tədqiqatçıların nəzərincə, bu göstərici 2030-cu ildən tez əldə olunmayacaq.

Hazırda dünyanın 80-dən çox ölkəsində sənaye kateqoriyalı günəş elektrik stansiyaları fəaliyyət göstərir. Günəş panellərinin evlərin damında, həyətyanı sahələrdə və fermalarda quraşdırılması, yəni məişətdə istifadəsi isə demək olar ki, şimal enliklərindən tutmuş ekvatora kimi hər yerdə mövcuddur. Qeyd edək ki, əksər ölkələr sənaye kateqoriyalı stansiyaların salınmasına üstünlük verir. Bu sahənin inkişafından ötrü dünya üzrə 10 il ərzində (2009-2019) 1,3 trilyon ABŞ dolları həcmində investisiya yatırılıb. Onun illik artımı dünya üzrə 10%-dən çoxdur və bu sahə getdikcə böyük həcmdə investisiyanı özünə cəlb edir. Proqnozlara görə, 2050-ci ildə bu sahəyə yatırılan investisiyaların həcmi 2019-cu illə müqayisədə 400 dəfədən çox olacaq.

Günəş panellərinin FİƏ-nın aşağı göstəricisinə (maksimum 24%) baxmayaraq, Günəş energetikası ucuz və ekoloji təmiz enerjinin alınması baxımından alternativ və bərpa olunan enerji mənbələrinin ən perspektiv sahəsi hesab olunur. Bu sahədə ən qabaqcıl ölkələr Çin (26%), ABŞ (12%) və Hindistandır (9%). Bu ölkələr min hektarlarla sahədə günəş panellərini yerləşdirərək böyük həcmdə ekoloji təmiz elektrik enerjisi əldə edirlər. Məsələn, Çində istifadəyə verilmiş Tenger Günəş parkı 43 kvadrat km (4300 ha) ərazidə salınıb. Bu, Tenger səhrasının 3,25%-i təşkil edir. Çində bu Günəş Parkına “Böyük Günəş Səddi” deyirlər. Gələcəkdə onun sahəsini dəfələrlə artırmaq nəzərdə tutulub. Burada əldə edilən elektrik enerjisinin həcmi böyük atom- elektrik stansiyasında alınan elektrikin həcminə bərabər.

Hazırda dünyanın ən nəhəng Günəş Parkı Birləşmiş Ərəb Əmirliyində (BƏƏ), Dubay şəhərindən 50 km cənubda salınmaqdadır. Bu parkın ümumi sahəsi 77 kv.km (7700 ha) olub, 2030-cu ildə tam gücü ilə işə salınacağı planlaşdırılıb.

Günəş Parklarının salınması sahəsində liderliyə can atan ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Ölkə rəsmilərinin iddiasına görə, Səudiyyə Ərəbistanı 2040-cı ildə neftdən imtina etməyə hazırlaşır. Belə ki, yaxın gələcəkdə ölkə günəş energetikasını inkişaf etdirib, neft deyil, elektrik enerjisi ixracı ilə məşğul olmağı nəzərdə tutur və boş səhra ərazilərini Günəş parkları ilə örtməyi planlaşdırır. Bundan ötrü ölkə ilkin mərhələdə 100 milyard dollar xərcləməyi nəzərdə tutur.

Güman olunur ki, tropik qurşağın səhra zonasında (harda ki, buludluluq il ərzində nadir hadisədir), məsələn, Böyük Səhrada və ya Ərəbistan səhrasında eni və uzunluğu 100 km olan kvadrat şəklində salınmış Günəş Parkı bütün planeti elektrik enerjisi ilə təmin edə bilər.

Əsasən Günəş Parklarının yaradılmasına üstünlük verən ABŞ, Çin və Hindistandan fərqli olaraq, bir sıra Avropa ölkələri “pərakəndə stansiyalar” ın qurulmasına üstünlük verir. Fransa, Almaniya, Hollandiya və Belçikada binaların damı ilə yanaşı, avtomobil yollarının günəş panelləri ilə örtülməsi layihələri buna nümunə ola bilər.

Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və onun coğrafi mövqeyindən asılıdır. O, cənub enliklərində, günəşin bol olduğu ölkələrdə daha səmərəlidir. İqlimin quraqlaşması ilə (buludluluğun azalması ilə) onun səmərəliliyi daha da artır. Bu baxımdan Azərbaycan, xüsusən də onun şərq hissəsi, yarımsəhra və bozqırlar zonası günəş energetikasının inkişaf etdirilməsi baxımdan əlverişli hesab olunur. İlin bütün fəsillərində səmanın açıq və günəşli olması, boş sahələrin çoxluğu, xüsusən də Bakı şəhərinin cənub girişindən başlayaraq, Şirvan şəhərinə kimi olan ərazidə, Qobustan massivində, həmçinin Yasamal dağlarının ətəklərində Gunəş Parklarının salınmasından ötrü əlverişli məkanların olması bu sahənin inkişafı üçün perspektiv görünür. Bu ərazilərdə günəş süalanmasının miqdarı 2800 saatdan, günəşli günlərin sayı isə 300 gündən çoxdur.

Azərbaycanda alternativ enerji mənbələrindən istifadə, xüsusən də günəş energetikasının inkişaf etdirilməsi sahəsində dövlət proqramları qəbul edilib. 2020-ci ildə günəş enerjisi də daxil olmaqla Respublikamızda alternativ enerji mənbələrindən alınan enerjinin həcmi energetika balansında 17% təşkil edib ki, bu göstəricinin də 2030-cu ildə 30%-ə kimi qaldırılması nəzərdə tutulub. Hesablamalara görə, Respublikamızda günəş enerjisinin iqtisadi potensialı (sənaye kateqoriyalı) 20 min meqavat təşkil edir. Bu, Cənubi Qafqazda ən iri istilik elektrik stansiyası olan Mingəçevir İES-nin gücünün 10 misli qədərdir. Sənaye kateqoriyalı Günəş Parkları ilə yanaşı, Günəş panellərini istənilən məkanlarda yerləşdirib (evlərin damında və fasadında, həyətyanı sahələrdə, meydanlarda, yol kənarlarında və s.) elektrik enerjisi əldə etmək mümkündür. Bu artıq “100 misl” və daha artıq göstərici deməkdir.

Qeyd edək ki, 2009-cu ildən etibarən Respublikamızda Günəş energetikasının inkişafına güclü start verilib. Dövlətin dəstəyi ilə Pirallahı, Qobustan, Suraxanı, Samux, Qaradağda, həmçinin Sumqayıt və Naxçıvan Muxtar Respublikasının Babək rayonunun ərazisində Günəş elektrik stansiyaları işə salınıb. Bu stansiyalarda əldə edilən elektrik enerjisinin həcmi 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 37 mln kVt/saat olub ki, bu da Respublikamızda istehsal olunan elektrik enerjisinin (18 mld.968,9 mln Kvt/saat) 1,95%-ni təşkil edir. Hazırda Azərbaycan Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə bağladığı müqavilə əsasında gücü 200 MVt olan iki Günəş Parkının Qaradağ və Abşeron rayonlarının ərazisində salınması nəzərdə tutulub.

Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda günəş energetikasının sənaye kateqoriyasından (“Günəş Parkları”) məişət kateqoriyasına keçidi demək olar ki, müşahidə edilmir. Bu o demək deyil ki, vətəndaşlarımız ekoloji təmiz pulsuz elektrik enerjisindən imtina edirlər. Burada əsas məhdudlaşdırıcı amil daxili bazarda satışda olan günəş modullarının, akkumlyatorların və digər qurğuların əsasən xaricdən gətirilməsi və onların bahalığı ilə əlaqədardır.

Respublikamızda Günəş panellərinin Sumqayıt şəhərində yerli istehsalı təşkil edilsə də, onun həcmi az olub, xaricdən gətirilmə məhsullarla rəqabət aparmaq imkanı hələ zəifdir. Bu isə günəş energetikasının məişətə yol açmasında, qeyd etdiyimiz kimi, böyük maneəyə çevrilir. Hesablamalar göstərir ki, Azərbaycanda orta ölçülü mənzili (həyət evinin) “pulsuz elektrik enerjisi” ilə təmin edəcək texniki sistemlərin qurulması 7000-8000 manata başa gəlir.

Bu o deməkdirki, mərkəzləşdirilmiş elektrik şəbəkəsindən istifadə edən və ayda bundan ötrü “Azərişığa” təxminən 20 manat pul ödəyən müştəri pulsuz günəş enerjisindən istifadə etmək qərarına gəlib,öz mənzilində günəş modullarını quraşdırarsa, yalnız 34 ildən sonra onun bəhrəsini görə biləcək.

Ona görə də burada ən vacib məsələlərdən biri ilk növbədə yerli istehsalı genişləndirmək və məişətdə istifadə olunan günəş modullarınin istehsalı və quraşdırılmasını təmin etməkdir. Bununla məşğul olan xarici, xüsusən Türkiyə və Çin şirkətlərinə Azərbaycanda fəaliyyətlərini daha da genişləndirmək üçün əlverşli imkanlar yaradılmalıdır. Bu problem öz həllini tapmayana qədər Respublikamızda Günəş energetikasının əsas strategiyası Günəş Parklarının salınmasına istiqamətlənəndə olacaq.

Lakin bu sahə ilə bağlı dünyada gedən proseslərin təhlili göstərir ki, hazırda bəzi müsbət tendensiyalar müşahidə olunmaqdadır: birincisi, getdikcə daha çox ölkə günəş modullarının yerli istehsalını təşkil edib, bu məhsullarla dünya bazarına çıxmağa çalışır (məsələn, ərəb ölkələri). Bu, dünya bazarında, o cümlədən, Azərbaycanda qiymətlərin aşağı düşməsinə əhəmiyyətli dərəcədə təsirini göstərəcəkdir; ikincisi, yüzlərlə elmi-tədqiqat institutları, laboratoriyalar həm panellərin və akkumlyatorların, həm də digər elementlərin mükəmməlləşdirilməsi, ucuzlaşdırılması, istismar müddətini və FİƏ artırılması üzərində çalışır ki, bu da günəş energetikasının həm sənaye miqyasında, həm də məişətdə daha sürətli tətbiqinə təkan verəcək.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

Mənbə: paralel.az