Bakıda “qısa nömrə taksilər” qiyməti gündən-günə qaldırırlar - eyni məsafəyə qiyməti hətta 2 manat artıranlar var...

Bakıda “qısa nömrə taksilər” qiyməti gündən-günə qaldırırlar - eyni məsafəyə qiyməti hətta 2 manat artıranlar var...

“Bolt” sürücüsü iddia edir ki, pik saatlarda baş verən qiymət artımı tıxaclarla bağlıdır

Taksilər elə qiymətə xidmət göstərməlidirlər ki, onların təklif etdikləri qiymət müştərinin cibinə uyğun olsun. Amma təəssüflər olsun ki, ölkəmizdə müharibə getdiyinə və karantin rejimi olduğuna baxmayaraq, paytaxt taksilərində qiymət artımı müşahidə edilir. Bəzi taksi şirkətləri bu vəziyyətdən də istifadə edib pul qazanırlar. Bu halı xüsusən də qısa nömrə taksilərdə görürük ki, onlar mümkün qədər daha çox müştəridən pul qoparmağa çalışırlar.

Müxtəlif şirkətlərə məxsus bu taksilər gün ərzində eyni ünvanlara fərqli qiymətlərə xidmət göstərirlər. Qısa nömrə taksilərin xidmət qiymətini artırmasından narazılıq edən müştərilər bildirirlər ki, gündüz 4 manata gəldikləri yolu geri 6 manata qayıdırlar. Yəni məsafə eyni olsa da, qiymət fərqli olur. Qısa nömrə taksilər arasında ən çox şikayət olunanlar xarici taksi şirkətinə məxsus “Bolt” və “Omeqa” (*0404) taksi xidmətləridir. Şikayətçilər deyirlər ki, axşam pik saatlarında “Bolt” 2, “Omeqa” isə oktyabrın 26-dan 1 manat xidmət qiymətini qaldırıb.

“Omeqa” qiymətin avtomatik tənzimləndiyini deyir

Müştərilərin qiymət artımı ilə bağlı şikayətinə “Omeqa” taksi şirkətindən “Bakı-Xəbər”ə “bizdə qiymətlər avtomatik şəkildə tənzimlənir” cavabını verdilər, qiymət artımının səbəblərinə isə şərh verməkdən imtina etdilər. Nəzərə çatdırıldı ki, qiymət artımına yalnız şirkətin baş idarəsi münasibət bildirə bilər. Baş idarənin nömrəsi olaraq bizə təqdim edilən 012 31008 95 telefon nömrəsinə isə dəfələrlə zəng vursaq da, operatorun cavabından sonra telefon əlaqəsi alınmadı. “Bolt” taksi şirkətinə 012 310 35 67 telefon nömrəsindən zəng vurmaq istədik, bu da alınmadı. “Bolt” şirkətində işləyən taksi sürücüləri ilə söhbətimizdə onlar günün pik saatında qiymətin 2 manat artırılmasının tıxaclarla bağlı olduğunu bildirdilər.

Bütün hallarda, paytaxtımızda taksi fəaliyyətində qiymətlərin tənzimlənməsinə ciddi ehtiyac var. Bu sahədəki pərakəndəlik qısa nömrə taksi şirkətlərinə şərait yaradır ki, onlar müştərini istədikləri qiymətə bir ünvandan digərinə aparsın, yaxud da günün pik saatında qiymətləri qaldırsınlar. Bu gün qiyməti həmin şirkətlərin özləri idarə edirlər desək yanılmarıq, bu faktor da həm müştərinin cibinə zərər vurur, həm də bazarda pərakəndəliyin, özbaşnalığın artmasına səbəb olur. Məlumdur ki, taksi şirkətlərinin böyük əksəriyyətinin fəaliyyətində müəyyən qanunsuzluqlar, vergidən yayınma halları mövcuddur. Qiymətləri taksi sürücüləri deyil, şirkətlər özləri qaldırırlar. Özü də belə çətin bir vəziyyətdə.

Ekspertlər təəssüflə qeyd edirlər ki, karantin rejimi ilə əlaqədar olaraq metronun fəaliyyətinin dayandırılması, həftə sonlarında sərnişindaşıma avtobuslarının işləməməsi bəzi şirkətlərin qanunsuz əməllərə əl atması, süni qiymət artımı yaratması ilə nəticələnir. Şirkətlər üçün məsafədən asılı olaraq dəyişməyən qiymət tariflərinin müəyyən edilməsinin vacib olduğunu deyən ekspertlər hesab edirlər ki, bəlkə bununla günün pik saatlarında süni qiymət artımının qarşısını almaq mümkün oldu. Ekspertlər deyirlər ki, konkret olaraq, eyni ünvana gedib qayıtmaqla bağlı qiymət sabit olmalıdır.

Rauf Ağamirzəyev: “...bu dəhlizlər yenidən formalaşdırılmalıdır ki, nəqliyyatın fasiləsizliyi təmin edilsin”

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev isə “Bakı-Xəbər”ə bildirdi ki, taksilər həmişə pik saatlarda qiyməti artırırlar. “Sıxlıq olanda, pik saatlarında taksilər qiyməti hər zaman qaldırırlar. Adi vaxtlarda da, karantində də, indiki hərbi vəziyyətdən əvvəl də qiymət artımı baş verib. Karantin dövründə həftə sonları ictimai nəqliyyat işləməyəndə taksilərdə avtomatik olaraq qiymətlər qalxır. Yəni qiyməti bazar özü tənzimləyir. Tələbat artdıqca, qiymət bəzən aşağı düşür, amma tıxacdan asılı olaraq, qiymət yenə də artır. Bu, bazara xas normal prosesdir, burada qeyri-adi heç nə yoxdur”.

R.Ağamirzəyev hesab edir ki, problemdən çıxış yolu əlavə dəhlizlərin yaradılmasıdır. Bu gün şəhərimizdə böyük sıxlıq olduğunu deyən R.Ağamirzəyevin fikrincə, Avropa Oyunları zamanı Bakıda qurulan dəhlizlər yenidən aktivləşdirilməlidir ki, problem aradan qaldırılsın: “Mənim şəxsi fikrim odur ki, bu dəhlizlər yenidən formalaşdırılmalıdır ki, nəqliyyatın fasiləsizliyi təmin edilsin. Bu, doğru addım olardı”.

Taksilərlə bağlı indiyə qədər vahid tarifin müəyyən edilməməsinin səbəblərinə gəlincə, ekspert bildirdi ki, bunu bir günə həll etmək olmaz, bu, zaman tələb edən prosesdir.

 

Mənbə: www.baki-xeber.com