Ölkəmizin cənub bölgəsində “AqroViziya” layihəsinin icrası uğurla davam etdirilir

Ölkəmizin cənub bölgəsində “AqroViziya” layihəsinin icrası uğurla davam etdirilir

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun Lənkəran iqtisadi rayonunun Lənkəran, Masallı, Lerik və Astara rayonlarında həyata keçirdiyi “AqroViziya” layihəsinin icrası uğurla davam etdirilir. SİA xəbər verir ki, layihə ölkəmizin cənub bölgəsinin turizm potensialını üzə çıxarmağa geniş imkanlar yaradacaq.

Layihə çərçivəsində turizmə dəstək vermək və onun inkişafına kömək etmək məqsədilə region üzrə 10 yararlı məkan seçiləcək. Bu məkanlar məhsul yetişdirən (meyvə, tərəvəz, giləmeyvə) və ya heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq təsərrüfatları, heyvan və bitki məhsullarının (süd istehsalçıları, mürəbbə və təbii meyvə şirəsi, təbii yun və boyalardan istifadə edən yerli sənətkarlıq, ağac oyma və s.) emalı ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları və müəssisələri ola bilər.

Buraya, həmçinin qorunan təbiət əraziləri də daxil olmaqla təbii gözəllik yerlərinə yaxın olan kənd evləri də ola bilər.

Layihənin icra planına uyğun olaraq bu ilin sentyabrın 20-dən oktyabrın 20-dək bölgədə turizm məkanlarından müraciətlər qəbul olunub.

İndiyədək ümumilikdə 52 müraciət daxil olub. Layihə ekspertlərinin hazırladığı meyarlar əsasında bu məkanlar qiymətləndirilir. Noyabrın birinci yarısında 10 turizm məkanının seçilməsi prosesi başa çatacaq.

Layihəyə əsasən, seçilən 10 turizm məkanının ehtiyacları qiymətləndiriləcək, onlara biznes planlar hazırlamağa, onların tanıtımına, xidmət personalı və menecerlərinin təlim almasına dəstək veriləcək.

Layihə çərçivəsində, həmçinin Bakıdan KİV-lərin nümayəndələri, məktəblilərin tanıtım turları təşkil olunacaq, reklam materialları hazırlanacaq. Onların tanıtımı və xarici turistlərin cəlb edilməsi üçün mobil əlavə və veb-sayt yaradılacaq. Bu məkanların əməkdaşlarının xarici təcrübəni öyrənməsi məqsədilə xarici ölkələrdən birinə səfəri də təşkil ediləcək.

Bütün bunlarla yanaşı, bu məkanlarda istehsal edilən məhsullar, göstərilən xidmətlərin Bakıda sərgiləri keçiriləcək.

Layihənin icrası zamanı Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri ilə sıx əməkdaşlıq ediləcək.

Mənbə: sia.az