"Pandemiyaya görə hər gün avtobuslar dezinfeksiya olunur" - BNA rəsmisi

“Pandemiya ilə əlaqədar fevral ayının sonlarından başlayaraq indiyə qədər hər gün axşamlar avtobuslar xəttə qayıtdıqdan sonra yuyulub, təmizlənir və xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur”.

Bu sözləri Lent.az -a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sözügedən proses bir gün belə dayandırılmayıb:

“Bu məsələ ilə bağlı daşıyıcılara həm yazılı, həm də şifahi tapşırıq, göstəriş vermişik ki, onların istehsalat bazasında da bu işlər aparılsın.

Bunu da qeyd edim ki, BNA istehsalat bazalarına mütəmadi baxış keçirir”.

M.Ağayev əlavə edib ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma riskini artırır:

“Bu baxımdan, sərnişin tələbatı daha çox olan 30-dan artıq dayanacaqda 120-dən çox nəzarətçi fəaliyyət göstərir. Onlar sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparır və maskadan istifadənin vacibliyini, düzgün istifadə qaydasını diqqətə çatdırırlar”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə əlaqədar sərnişindaşımalar Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni nəqliyyat planına uyğun icra olunur.

Belə ki, M6 (“28 May” metrostansiyası - “H.Aslanov” metrostansiyası) ekspress xətti üzrə avtobusların hərəkəti Babək prospektindən keçməklə təşkil olunur və M7 ekspress xətlər üzrə avtobuslar tam yeni hərəkət sxemi ilə fəaliyyət göstərir.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda internetin sürəti distant təhsilə mane olacaqmı?

SONRAKI XƏBƏR

Putinin Qarabağ mesajları - TƏHLİL