Azad edilmiş ərazilərimizin bərpası üç sahəyə xüsusilə önəmli təsir göstərəcək – Prezident tikinti, ÜDM və məşğulluq sektorlarını xüsusi vurğuladı...

Azad edilmiş ərazilərimizin bərpası üç sahəyə xüsusilə önəmli təsir göstərəcək – Prezident tikinti, ÜDM və məşğulluq sektorlarını xüsusi vurğuladı...

Əli Əlirzayev: “Sözügedən proseslər məşğulluğun artması, yeni-yeni iş yerlərinin açılması deməkdir”

Prezident İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində işğaldan azad olunan ərazilərin bərpasına toxunarkən qeyd edib ki, bərpa prosesi birinci mərhələdə ümumdaxili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək.

Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “İnfrastruktur, yollar, kommunikasiyalar, yaşayış yerləri, inzibati binalar. Buna görə də bu, yəqin ki, birinci mərhələdə ümumdaxili məhsulun həcminə, inşaat sektoruna çox müsbət təsir göstərəcək. Bir də, əlbəttə, məşğulluq məsələsinə. Tikinti materialları istehsalı ilə bağlı olan hər şeyə. Lakin bu, milyardlarla məsrəf demək olacaq. Biz dəymiş ziyanı hesablayacağıq. Biz hər şeyi inventarlaşdıracağıq, orada qalanların uçotunu aparacağıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə, 50 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək. Lakin, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ölkədəki ümumi iqtisadi inkişafa bu və ya digər formada müsbət təsir edəcək.

“Nəinki özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik, eyni zamanda, xaricə məhsul ixrac edəcəyik”

Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görüləcək işlər ölkənin ümumi iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək: “Bərpa prosesi çərçivəsində həmin ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsi müsbət fayda verəcək. Çünki həmin ərazilərin resursları da dövriyyəyə cəlb edilir. Məsələn, Suqovuşan kəndindəki su anbarının imkanlarından istifadə edilməsi bir neçə rayonda kənd təsərrüfatı məhsullarının istehsalına müsbət təsir edəcək. O cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının torpaqlarından istifadə edilməsi kənd təsərrüfatı sahəsində məhsuldarlığın artmasına müsbət təsir edəcək. Həmçinin, həmin rayonlarda bir sıra mineral resurslar var. Bütün bunlar isə, ümumilikdə, ölkədə qeyri-neft sektorunun inkişafı deməkdir. Bütün bunlar həm də sözügedən ərazilərin qeyri-neft sektoru potensialının böyük olmasının göstəricisidir. Orada tikinti sektoru, infrastruktur inkişaf edəcək. Sözügedən proseslər məşğulluğun artması, yeni-yeni iş yerlərinin açılması deməkdir. O baxımdan hesab edirəm ki, bərpa çərçivəsində görüləcək işlər ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu işlər çərçivəsində nəinki özümüzü kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik, eyni zamanda, xaricə məhsul ixrac edəcəyik. Emal sənayesinin həmin regionlarda inkişaf etdirilməsi daha məqsədəuyğun olacaq. Bütün bunlar ölkədə ÜDM-in artmasına təkan verəcək”.

İqtisadçı-alim onu da qeyd etdi ki, müəyyən müddət sonra xarici sərmayədarları da həmin ərazilərdəki iqtisadi layihələrə cəlb etmək lazımdır.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com