ABŞ hansı sahədə Rusiyadan xeyli geridə qalır

Hələ bu ilin iyun ayında ABŞ Prezidenti Donald Trump böyük bir buzqıran donanması yaratmağın vacibliyini vurğulamışdı

BAKI, 30 oktyabr — Sputnik, Andrey Kots. Amerikalılar Arktikanı sürətlə itirir. ABŞ üçün belə bədbin nəticəyə Senatın Silahlı Qüvvələr Komitəsinin üzvləri Rocer Uiker və Den Sallivan gəliblər. Senatorların fikrincə, ölkənin Şimal Qütbündə işləyə bilən buzqıran gəmilərə böyük ehtiyacı var və Rusiya bu baxımdan daha əlverişli vəziyyətdədir. Buzqıran gəmilər və onların iri dövlətlərin maraqlarının müdafiəsində necə rol oynadıqları barədə – RİA Novosti-nin .

Tənha buzqıran

R.Uiker və D.Sallivan Rusiyanın 40 gəmi ilə dünyanın ən böyük buzqıran donanmasına sahib olduğunu bildiriblər. Müqayisə üçün qeyd edək ki, ABŞ Sahil Mühafizə Xidmətində yalnız iki belə buzqıran gəmi mövcuddur – "PolarStar" və "Healy". Onlardan ikincisi isə göyərtəsində baş vermiş yanğından sonra təmirdədir. İqtisadi və hərbi supergüc üçün bir buzqıran gəmi, əlbəttə ki, yetərli deyil. Özü də nəzərə alsaq ki, Arktika üzərində nəzarət zəngin təbii ehtiyatlara qapı açmaqla yanaşı, həm də Avrasiyanın şimalında daimi hərbi mövcudluğa imkan verir.

Mütəxəssislər bu yay Rusiya Dəniz Qüvvələrinin Alyaska sahillərində Soyuq Müharibədən bəri ən böyük təlim keçirdiyini yada salırlar. Bundan əlavə, Moskva son illər Arktikada Sovet İttifaqının dağılmasından sonra nəzarətsiz qalmış təxminən 50 hərbi qurğunu bərpa edib. Buzqıran sinfinə aid iki gəmi inşa edən Çin isə bölgəyə "Qütb İpək Yolu" kimi yanaşdığını gizlətmir.

Hələ bu ilin iyun ayında ABŞ Prezidenti Donald Trump böyük bir buzqıran donanması yaratmağın vacibliyini vurğulamışdı. Bundan sonra Amerika səlahiyyətliləri altı yeni gəmi inşa etmək üçün proqram hazırlamağa başladı. Konqres artıq bir nəhəng buzqıran gəmini maliyyələşdirib və 2024-cü ilə qədər gəmi dəniz sınaqlarına buraxılacaq. Sahil Təhlükəsizlik Komandanlığı ikinci gəmi üçün də vəsait tələb edib.

Senatorların sözlərinə görə, hələlik "Polar Star"ın ömrünü ən az 2023-cü ilə qədər uzatmaq lazımdır. Gəminin bütün resurslarının hələ əsrin əvvəllərində tükəndiyini nəzərə alsaq, ABŞ-ın Arktikadakı üstünlüyünü təmin etmək tapşırığı onun üçün çox çətin sınaq hesab oluna bilər.

Buzqıran armada

Amerikadan fərqli olaraq, Rusiya heç vaxt buzqıran gəmilərin istehsalına ara verməyib. Belə ki, bu ilin oktyabr ayının 21-də "22220" layihəsinin "Arktika" aparıcı nüvə buzqıran gəmisi istifadəyə verilib.

Hər biri 175 meqavat istilik gücü olan RİTM-200 reaktorlu iki elektrik stansiyası ilə təchiz olunmuş gəmi 2,8 metr qalınlığında buzları 1,5-2 dəniz mili sürəti ilə aşa bilir. Bu gəmilər həm okeanda, həm də çay yataqlarında işləməyə qadirdir. "Atomflot" şirkətinin sözügedən layihəyə aid daha dörd gəmi – "Sibir", "Ural", "Yakutiya" və "Çukotka" – alacağı gözlənilir. Həmin gəmilərin müvafiq olaraq 2021, 2022-ci illərdə istismara buraxılması nəzərdə tutulub.

Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin direktoru Aleksey Podberyozkin Sputnik radiosuna müsahibəsində "Arktika" buzqıran gəmisinin suya salınmasının həm də böyük siyasi əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, gələcək illərdə bir sıra yeni buzqıran gəmiləri inşa ediləcək və Rusiya Şimal dənizi yolu boyunca vəziyyətə yalnız dərin su sahələrində deyil, dayaz sularda da nəzarət edə biləcək.

"İndi biz Cənub-Şərqi Asiyadan və Asiya-Sakit okean bölgəsindən Avropaya nəqliyyat dəhlizini bütün ilboyu təmin edə bilərik", – deyə o vurğulayıb.

Aleksey Podberyozkinin fikrincə, nüvə buzqıranları – bölgədəki hərbi və mülki inşaatın təminatı hesab oluna bilər. "Arktika" ilə yanaşı, Rusiyanın 75 min at gücündə ikireaktorlu nüvə stansiyasına malik daha iki gəmisi ("Yamal və "Qələbənin 50 illiyi") də var. Bundan başqa, Rusiya təxminən 50 min at gücündə bir reaktorlu iki nüvə buzqıranına ("Taymır" və "Vayqaç"), eləcə də, 40 min at gücündə "Sevmorput" nüvə daşıyıcısı və beş ədəd texniki xidmət gəmisinə sahibdir. "Sovet İttifaqı" adlı buzqıran gəmi isə istismar rezervindədir. Bu faktlar dizel-elektrik gəmiləri nəzərə alınmadan belə, Rusiyanın nə qədər böyük arktik donanmaya sahib olduğunu göstərir.

Rusiya bu sahədə həmişə lider olub

Rusiya hər zaman buzqıran gəmilərin istehsalında digər ölkələri qabaqlayıb. İlk müasir buzqıran gəmisi olan "Paylot" hələ 1864-cü ildə istismara verilib. Bu gəminin xüsusi burun hissəsi buz üzərində hərəkət edərək öz ağırlığı ilə onu qırmasına imkan yaradırdı. Bu dizayn bütün dünyada yüksək qiymətləndirilib. 1871-ci ilin qışında Alman hökuməti Hamburq limanının və Elbanın hövzəsinin buzdan təmizlənməsi üçün Rusiyadan bir buzqıran gəmi almışdı. Daha sonra Danimarka, İsveç və ABŞ-dan olan sahibkarlar da almanlardan nümunə götürdülər.

"Lenin" adlı dünyanın ilk nüvə buzqıran gəmisi də vaxtilə SSRİ-də istehsal edilib. Nüvə enerjisi ilə işləyən bu gəmi 1959-cu ildə SSRİ Dəniz Donanma Nazirliyinə təhvil verilib. Bu nəhəng gəmi şimal enliklərində naviqasiyanı əhəmiyyətli dərəcədə genişləndirdi. "Lenin" yalnız ilk altı il ərzində 82 min dəniz milindən çox məsafə qət edib. Gəmi istismar müddətini başa vurandan sonra, 1989-cu ildə Murmanskda əbədi dayanacağa qoyularaq, federal əhəmiyyətli mədəni irs abidələrinin vahid reyestrinə daxil edilib.

Hazırda Rusiya buzqıran-lixterovoz gəmisini istismar edən yeganə ölkədir. 1988-ci ildən istismara buraxılan nəhəng "Sovmorput" buzqıran gəmisi bir metr qalınlığa qədər buzları müstəqil şəkildə qırmağa qadirdir. Qeyd edək ki, hazırda o, dünyada nüvə elektrik stansiyası ilə təchiz edilmiş işlək vəziyyətdə olan yeganə yük gəmisidir.

 

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Elektrikli avtomobilərin yarışacağı turnirin təqvimi açıqlandı

SONRAKI XƏBƏR

Biz Vətəndə yaşadıq, "vətənsiz", dəli kimi, ölənləri dəfn etdik, kəfənsiz ölü kimi...