Bakı sentyabrın 30-dan etibarən “Aegean Airlines” Afinadan Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər həyata keçirməyə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Yunanıstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“Heydər Əliyev Beynəlxalq Aeroportu bütün səyahətçilər üçün yüksək keyfiyyətli xidmət, komfortlu şərait yaratmağa çalışır və daha çox aviaşirkətin cəlb edilməsi inkişaf strategiyamızın mühüm hissəsidir. Əminik ki, Yunanıstan aviadaşıyıcısı ilə əməkdaşlığımız uğurlu və sərnişinlərimiz üçün perspektivli olacaqdır”, - deyə hava limanının direktoru Teymur Həsənov bildirib.
Afina ilə Bakı arasında reyslər həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bu uçuşların gecə saatlarında həyata keçirilməsi sərnişinlərə daha rahat vaxt intervalları ilə aviadaşıyıcının geniş marşrut şəbəkəsindən seçim imkanı verir.
Qeyd edək ki, “Aegean Airlines” sərnişinlərə Kipr, Balkan və Qərbi Avropa ölkələri, həmçinin Krit, Santorini, Mikonos və digər məşhur Yunan adaları daxil olmaqla 80-dən çox istiqamətdə uçuşlar təklif edir.
Aviadaşıyıcının rəsmi www.aegeanair.com internet saytında, həmçinin aviaşirkətin satış ofislərində ətraflı cədvəllə tanış olmaq və aviabiletləri bron etmək mümkündür.
Mənbə: qafqazinfo.az