Dəllər stansiyasında sərnişindaşıma bərpa olunub

Dəllər stansiyasında sərnişindaşıma bərpa olunub

“Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir.

“Azərbaycan Dəmir Yolları” QSCdən APA-ya verilən məlumata görə, bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.

Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcüd deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: “Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”.

İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.

Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından Covid-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.

Mənbə: apa.az