Bakı küçələrində sıxlıq yaradan yük maşınları - NİYƏ NƏZARƏT OLUNMUR?

Bakı küçələrində sıxlıq yaradan yük maşınları - NİYƏ NƏZARƏT OLUNMUR?

Son vaxtlar bəzi sürücülər şəhərin bir sıra yollarında ağır tonlu maşınların hərəkətindən şikayət edirlər. Həmin nəqliyyat vasitələrinin hərəkət saatları digərlərindən fərqli olduğu üçün onların gündüz yollarda görülməsi müzakirələrə səbəb olub.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Redaktor.az-a verdiyi açıqlamada bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə düşən küçə və prospektlərdə götürmə qabiliyyəti 5 tondan artıq nəqliyyat vasitələri üçün hərəkət yalnız günün qaranlıq saatlarındadır:

"Yəni, bu, yay vaxtı ilə saat 20.00- 07.00, qış vaxtı ilə isə 21.00-08.00 saatları aralığında nəzərdə tutulub. Bundan əlavə, təhlükəli yüklərin daşınması üçün müəyyən marşrutlar verilib. Yük maşınlarının hərəkətinin qadağan olduğu ərazilərdə xüsusi nişanlar da mövcuddur. Həmçinin, kameralar vasitəsi ilə onların hərəkətlərinə daim nəzarət olunur. Bu tipli nəqliyyat vasitələrinin strateji əhəmiyyətə malik olan ərazilərdə hərəkəti ilə bağlı buraxılışlar var. Ola bilər ki, bəzi vətəndaşlar bundan məlumatsızdırlar. Diqqətinizə çatdırmaq istərdim ki, strateji əhəmiyyətə malik tikintilərdə bu kimi avtomobillər xüsusi buraxılışla yaxud verilmiş marşrut üzrə hərəkət edirlər.

Əgər müəyyən olunmuş tələblər pozularsa, bu zaman həmin sürücülər barədə inzibati qərarlar, tənbeh tədbirləri qəbul edilir. Ağır tonlu maşınlara görə tıxacların yaxud yol qəzası hadisələrinin baş verməməsi üçün həm təbliğatlar aparılır, həm də müvafiq tədbirlər həyata keçirilir".

Şəfəq Samed Redaktor.az

Mənbə: redaktor.az